XƏBƏRLƏR

"Yaşıl enerji" - Neft istehsalçıları üçün təşvişə əsas yoxdur

FEVRAL 15, 2021

Böyük Britaniyanın “Carbon Tracker” araşdırma mərkəzinin hesablamalarına görə, “yaşıl” enerjinin sürətli inkişafı nəticəsində neft istehsalçısı ölkələri 2040-cı ilədək 13 trilyon ABŞ dolları məbləğində maliyyə zərərinə uğrayacaq. Odur ki, dövlət büdcəsi daha çox neft-qaz gəlirlərinə bağlı olduğu ölkələrdə artıq narahatlıq əlamətləri sezilməyə başlayıb. Lakin ekspertlər bununla bağlı təlaşa qapılmamağı lazım bilirlər.

Birincisi, bunun yaxın illərdə baş verəcəyi bir qədər mübaliğədir. Hazırkı koronavirus pandemiyasının da göstərdiyi kimi, dünya iqtisadiyyatında vəziyyət bir neçə gün ərzində dəyişə bilir. Belə ki, karantin tədbirləri yanacağa olan tələbata, bununla da hasilatçı şirkətlərin və hasilatçı ölkələrin planlarına, həmçinin alternativ enerjiyə keçməklə bağlı planlara da ciddi təsir göstərdi. Həmçinin bərpa olunan enerji ilə bağlı layihələr bir çox ölkələrdə böyük sərmayələr tələb edir ki, hazırkı böhran şəraitində bunun həyata keçiriləcəyi bir qədər müəmmalıdır. Bununla bağlı Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) rəhbəri Konstantin Simonov bildirib: “Hazırda dünya enerji balansının 85 faizi, Avropanın inkişaf etmiş ölkələrində isə 75 faizi karbohidrogenlərlə ödənilir. Həmçinin milyard nəfər elektrik enerjisindən istifadə etmir, 2,5 milyard da yeməyi açıq ocaqlarda hazırlayır. Belə bir şəraitdə bəşəriyyətin hələ də çox bahalı olan enerjiyə cəmi 20 ilə keçəcəyini demək sadəlövhlükdür”.

Digər tərəfdən karbohidrogen ehtiyatlarının get-gedə tükənməsi, yeni yataqların ildən-ilə daha az kəşf olunması da məlum məsələdir. Bu faktı bir çox ölkələrin, o cümlədən Azərbaycanın hökuməti qəbul edərək postneft dövrünə hazırlıqlarını da davam edirlər. Azərbaycan bu istiqamətdəki bütün təşəbbüsləri dəstəkləyərək əməkdaşlığa hazır olduğunu bildirir, sərmayədarları dəvət edir. Elə bu günlərdə Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun Bakıya səfəri zamanı gündəmində iqlim dəyişikliklərilə bağlı problemlərin həlli əsas məsələlərdən biri olub. Artıq az qala bütün beynəlxalq maliyyə təsisatları Azərbaycanda bərpa olunan enerji ilə bağlı layihələrə maliyyə dəstəyi verməyə hazır olduqlarını ifadə ediblər.

https://report.az/analitika/yasil-enerjiye-yasil-isiq/