XƏBƏRLƏR

Qarabağda “yaşıl zolaq”

FEVRAL 15, 2021

Enerji sektorundakı yeni layihələrdən də göründüyü kimi, Azərbaycan hökuməti də “yaşıl” enerji sahəsinin daha da inkişaf etdirilməsində maraqlıdır. Bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında hazırkı 8 faiz olan payını 2030-cu ilədək 30 faizə çatdırmaq hədəflənir. Ölkənin coğrafi mövqeyinin bərpa olunan enerji istehsalı üçün əlverişli olduğu nəzərə alınsa, bu hədəf heç də mücərrəd deyil. Azərbaycan Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiya da məqsədyönlü fəaliyyət göstərir, bu yaxınlarda energetika naziri Pərviz Şahbazovun sədrliyilə 5-ci iclası keçirilib.

Abşeron rayonunda günəş və külək elektrik stansiyalarının inşasına dair keçirilmiş ilk hərrac da bu sahəyə xarici şirkətlərin nə qədər böyük maraq göstərdiyinə əyani sübut oldu.

Xatırladaq ki, bir il bundan əvvəl Energetika Nazirliyi tərəfindən “ACWA Power” və “Masdar” şirkətlərilə müvafiq olaraq 240 mVt gücündə külək və 200 mVt gücündə günəş elektrik stansiyalarının tikintisinə dair müqavilələr imzalanıb.

Çox mühüm məqamdır ki, işğaldan azad olunmuş Qarabağda aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. Belə ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu bölgə “yaşıl” enerji zonası kimi dünya üçün nümunəyə çevriləcək: “Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş”.

Hazırda Qarabağ bölgəsində bərpa olunan enerji mənbələrinin istifadəsini, enerji məhsuldarlığını, ekoloji təmiz texnologiyaları, o cümlədən nəqliyyat və s. məsələləri əhatə edən “yaşıl” zolaq konsepsiyası üzərində işlər başlanıb. Bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) ilə də müzakirələr aparılır. Nazir P.Şahbazova görə, həmin ərazilərdə 4 min mVt-dan artıq günəş, 500 mVt-dək külək enerjisi potensialı mövcuddur. İndiyədək Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazisində yüksək günəş enerjisi potensialına malik 8 ərazi müəyyənləşdirilib. Həmçinin Kəlbəcər və Laçın rayonlarında külək enerjisi mənbələrindən geniş istifadə olunacaq. Həmçinin ölkədə su ehtiyatlarının 25 faizinin məhz Qarabağ bölgəsində mövcud olduğunu nəzərə almaqla Tərtər, Bazarçay, Həkəri çayları və onların qolları da elektrik enerjisi istehsalı üçün istifadəsi məsələləri araşdırılır.

Beləliklə, dünyada “yaşıl” iqtisadiyyatın tətbiqi meylləri Azərbaycanda da geniş əks-səda doğurub. Hazırda dövlət büdcəsi hələ də neft gəlirlərindən asılı olmasına baxmayaraq, ölkəmiz gələcək iqtisadi və enerji siyasətini məhz “yaşıl işığa” doğru yönəldir.

https://report.az/analitika/yasil-enerjiye-yasil-isiq/