XƏBƏRLƏR

Vacib strateji inkişaf istiqamətlərindən biri alternativ enerji mənbələrinin istifadəsidir

APREL 06, 2024

Ölkəmizin gələcək inkişafında ən vacib strateji inkişaf istiqamətlərindən biri alternativ enerji mənbələrinin istifadəsidir, bunu ekoloq, professor Çingiz İsmayılov deyib. O bildirib ki, bunun üçün ölkəmizdə potensial mövcuddur.

"Alternativ enerji mənbələri Azərbaycanın enerji balansında bərpa olunan enerjinin çəkisinin artmasına səbəb olacaq. Alternativ enerji mənbələrinin mövcudluğu vacibdir. Lakin bu sahə ilə bağlı investorların cəlbi, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi, müasir texnologiyaların cəlbi də əhəmiyyət daşıyır", - o deyib.

Ekoloq bildirib ki, alternativ enerji mənbələrinin müsbət tərəfləri ilə yanaşı, iqtisadi baxımdan çətinlikləri də var.

"Belə ki, bərpa olunan enerji mənbələrindən elktrik enerjisinin maya dəyəri ənənəvi enerji mənbələrindən əldə edilməsindən daha yüksəkdir. Bu sahənin inkişafı üçün böyük investisiyalar lazımdır. Bərpa olunan enerji elektrik stansiyaların yerləşdiyi yer də çox önəmlidir. Azərbaycanda alternativ enerjinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavatdır(dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt). Bu səbəbdən sahildə və adalarda külək enerji stansiyalarının qurulması daha məqsədəuyğundur. İlk növbədə stansiya qurulacaq ərazilərə mütəxəssisləri cəlb edib qiymətləndirilmə aparılmalıdır", - deyə o, qeyd edib.

Qeyd edək ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.

https://az.trend.az/business/green-economy/3881992.html