XƏBƏRLƏR

Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolu güclənir

APREL 09, 2024

2024-cü ilin birinci rübündə Azərbaycanın Avropaya qaz ixracatı 10.3 faiz artaraq, 3.2 milyard kubmetr olub. Avropa ilə yanaşı, Türkiyəyə 2.3, Gürcüstana isə 0.9 milyard kubmetr qaz ötürən Azərbaycanın həmin dövrdə ümumi ixracatı 6.4 milyard kubmetr olub.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda 12.6 milyard kubmetr qaz hasil olunub ki, bu da əvvəlki ilin uyğun dövrünə nisbətən 0.4 milyard kubmetr çoxdur.

"Bütövlükdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib.

Göründüyü kimi, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir", - deyə o bildirib.

https://az.trend.az/business/3883625.html