XƏBƏRLƏR

Çexiya "Həmrəylik halqası" təşəbbüsündə qonşuları ilə səylərini koordinasiya edir

MAY 01, 2024

Çexiya "Həmrəylik halqası" təşəbbüsündə qonşuları ilə səylərini koordinasiya edir. Bu barədə Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

"Həmrəylik halqası" layihəsinə qoşulma bizim üçün bu təşəbbüsdə iştirak edən dövlətlər zəncirinin sonunda olmaq demək ola bilər. Hazırda qaz mənbələrinin şaxələndirilməsi imkanına malik olmaq üçün digər tədarük marşrutlarının möhkəmləndirilməsinə böyük diqqət ayırırıq", - mənbə deyib.

Lakin mənbə vurğulayıb ki, Çexiya "CEZ" enerji konqlomeratı vasitəsilə Azərbaycan şirkətləri ilə təmaslar qurmağa çalışır. Konqlomerat tədarüklərin şaxələndirilməsi kontekstində öz üzərinə müşahidəçi rolunu götürə bilər.

"Həmrəylik halqası" "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) şirkətlərinin birgə təşəbbüsü olub, "TSOS" şəbəkələrində təbii qazın nəqli üzrə əlavə imkanların təmin edilməsinə yönəlib. Boru kəməri ildə 5-9,5 milyard kubmetrə qədər qaz nəql edə bilər.

Qısa müddətdə və mövcud infrastrukturun buraxılış qabiliyyətinin tədricən artırılması yolu ilə bu transsərhəd təşəbbüsü Azərbaycandan Şərqi, Mərkəzi və Qərbi Avropaya Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya vasitəsilə hər il 5-9,5 milyard kubmetr qaz nəql etməyə imkan verir.

Xatırladaq ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan modernizasiya olunmuş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

https://az.trend.az/business/energy/3893116.html