XƏBƏRLƏR

Azərbaycan və Serbiya enerji əməkdaşlığına dair saziş imzalayacaq

FEVRAL 01, 2022

"Azərbaycan ilə Serbiya arasında enerji və mədənçilik sənayesi sahələrində əməkdaşlığa dair saziş imzalanması nəzərdə tutulur".

Bu barədə “Report”a eksklüziv müsahibəsində Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç bildirib.

“Serbiya ilə Azərbaycan enerji və mədənçilik sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazır olduqlarını bildiriblər. Bu sazişin imzalanması iki ölkə arasında dostluq münasibətlərinin və iqtisadi əlaqələrin daha da yaxşılaşmasına yeni təkan verəcək. Ümidvarıq ki, həmin saziş Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, Cənub Qaz Dəhlizi məşvərət şurasının 8-ci iclasında imzalanacaq” – deyə serbiyalı nazir qeyd edib.

O, sözügedən iclasda enerji daşıyıcıları mənbələrinin şaxələndirilməsində maraqlı olan daha çox ölkənin Azərbaycandan qaz idxal etməyə başlaya biləcəyinə inandıqlarını da dilə gətirib. Nazirin fikrincə, bu, Cənubi və Cənub-Şərqi Avropa ölkələrində enerji infrastrukturunun təkmilləşməsinə də dəstək olar. 

Bütövlükdə enerji sektorunun, xüsusilə də yaşıl enerjinin beynəlxalq əməkdaşlıqda getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb: “Bizim qənaətimizcə, Serbiya və Azərbaycan bu sahədə əlaqələrini daha da genişləndirə, birgə layihələr imkanlarını araşdıra bilərlər”.

Cənubi Qaz Dəhlizi (SGC) məşvərət şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.

Şahdəniz qaz yatağının istismarını və Azərbaycandan İtaliyayadək gedən qaz ixrac kəmərlərini əhatə edən SGC layihəsinin məqsədi Avropa İttifaqına qaz tədarükünü şaxələndirmək, təkcə bir qaz tədarükü mənbəyinə bağlı olan ölkələrin sayını azaltmaqdır. SGC-nin Avropadakı hissəsi olan TAP (Trans Adriatik boru kəməri) layihəsi 2020-ci ilin 31 dekabr tarixindən müntəzəm fəaliyyətə başlayaraq Azərbaycan qazının Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqlini həyata keçirir.