Enerji mənbələrinin şaxələndirilməsi istiqamətində Bolqarıstanın əsas məqsədlərindən biri Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə Xəzər regionu qazının həcmlərinin artırılmasıdır. Bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.
“Bu məqsəd bizim enerji və iqlim haqqında 2021-2030-cu illər üzrə kompleks planımızda öz əksini tapıb. Biz, Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükü imkanına yüksək önəm veririk, belə ki, bu, Bolqarıstana təbii qaz tədarükü mənbələrinin real şaxələndirilməsinə səbəb olacaq”, - nazir deyib.
Onun sözlərinə görə, IGB interkonnektoru layihəsi Bolqarıstana və digər Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinə SGC-yə çıxış imkanı verəcək: "Bu həmçinin Bolqarıstana Azərbaycandan müqavilədə nəzərdə tutulduğu həcmdə - 1 milyard kubmetr təbii qaz idxal etməyə imkan verəcək".
Xatırladaq ki, İGB interkonnektoru Bolqarıstanı Yunanıstan vasitəsilə Azərbaycandan Gürcüstan və Türkiyədən keçməklə Avropaya bağlayan Trans-Adriatic Pipeline (TAP) layihəsinə qoşulacaq.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a (Trans-Adriatic Pipeline) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.