Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevlə görüşüb.
Tərəflər iki ölkə arasında energetika sektorunda əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan bu sahədə Gürcüstanın strateji tərəfdaşıdır. Bildirilib ki, Gürcüstan və Azərbaycan elektrik enerjisinin ötürülməsi üzrə mövcud infrastrukturun müasir tələb və çağırışlara tam cavab verməsi üçün gələcək inkişafı gündəlikdə durur.
Görüşdə əlavə elektrik ötürücü xətlərinin inşası üzrə birgə həyata keçirilən layihələr də nəzərdən keçirilib. R.Mikautadze “Azərenerji”nin rəhbərini Gürcüstanın energetika bazarında aparılan islahatlar barədə məlumatlandırıb. Sonda tərəflər iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün əlavə ötürmə infrastrukturunun inşasının vacibliyini vurğulayıblar.
https://report.az/energetika/azerbaycan-ve-gurcustanin-enerji-sistemlerinin-birlesdirilmesi-muzakire-olunub/