Bakıda Milli Məclisin (MM) dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfrans keçirilib. Konfransda MM-in üzvləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.
Konfrasda ölkəmizdə sahibkarləğın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən tədbirlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə, post-pandemiya dövrünün prioritet istiqamətlərinə və KOB-lara göstəriləcək dəstəyə dair fikir mübadiləsi aparılıb.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev KOB-ların iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb. O, həmçinin, MM-in KOB-ların inkişafı üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat verilib. Hazırki konfransın tədbirin təşkilatçı qurumları arasında yeni əməkdaşlıq formatı yaratdığını, eləcə də aparılan müzakirələrin ölkəmiz və qardaş Türk dövlətlərinin post-pandemiya şəraitində müvafiq istiqamətdə fəaliyyətlərinə töhfə verdiyini bildirib.
TURKPA-nın Baş katibinin müavini, Qazaxıstan Parlamentinin nümayəndəsi Talğat Aduov türkdilli ölkələrin TURKPA və digər platformalar çərçivəsində sıx əməkdaşlıq etdiklərini, iqtisadiyyatın aparıcı qüvvəsi olan KOB-ların pandemiyadan sonrakı dövrdə də iqtisadiyyatın bərpasına öz töhfəsini verəcəyini vurğulayıb.
Konfrans çərçivəsində “KOB-lar üçün dövlət dəstəyi: qanunvericilik və proqramlar” və “KOB-lar və COVID-19 pandemiyası: problemlər, onların alternativ və innovativ həlləri” mövzularında panel müzakirələr təşkil olunub. Panellərdə millət vəkilləri, dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
https://report.az/biznes-xeberleri/bakida-sahibkarliqla-bagli-konfrans-kecirilib/