İsrail ümid edir ki, bu ölkənin şirkətləri Azərbaycanda bərpa olunan enerji üzrə layihələrdə iştirak edəcəklər. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib və qeyd edib ki, İsrail ekoloji təmiz enerji texnologiyaları sahəsində dünya lideridir.
“Fikrimcə, biz Azərbaycanla, xüsusilə də hökumətlə, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə günəş və külək enerjisi sahəsində İsrail texnologiyalarının istifadəsi üzrə sıx əməkdaşlıq edə bilərik. Azərbaycanda mövcud günəş enerjisi infrastrukturu məni heyrətləndirib. Mən Naxçıvanda olmuşam və günəşli günlərdə bölgənin elektrik enerjisi tələbatını 100 faiz təmin edəcək beş günəş elektrik stansiyasını görmüşəm. Məni həm də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Azərbaycanda bərpa olunan enerji sahəsində layihələr üzrə tenderlərin keçirilməsi planları da məmnun edir. Bizim şirkətlərimiz Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Ümid edirik ki, bu, yaxın zamanlarda baş tutacaq”, - deyə o bildirib.
Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də, ərazi bütövlüyü məsələsində dəstəkləyib.
“Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin, hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, səhiyyə, innovasiyalar, “ağıllı şəhər"lər, “yaşıl enerji" kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var”, - C.Dik deyib.
Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq mərhələsindədir.
“Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır. Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və “ağıllı kənd" yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri hökumət xətti ilə bağlamırıq. İsrail şirkətləri Azərbaycandakı tərəfdaşlarımızla birbaşa müqavilələr imzalayır. Məsələn, Zəngilanda “ağıllı şəhər"in yaradılması ilə bağlı müqaviləyə cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət arasında sənədləri imzalayır. Bu layihə üzrə danışıqlar aparılırdı. Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd istehsalı üçün yüzlərlə inək və camışın saxlandığı ferma yaradılmalıdır”, - deyə o bildirib.
Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru üzrə layihələr mövcuddur və bununla bağlı “Mekorot”, “Baran Group” və digər şirkətlərlə danışıqlar aparılıb.
O əlavə edib ki, İsrail şirkətləri, həmçinin, Qarabağda və Azərbaycanın digər ərazilərində “yaşıl enerji" sahəsində layihələrdə iştirak etməyə hazırdır.
“Hazırda Abşeronda, xüsusilə, günəş və külək enerjisi sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq. Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası Azərbaycan üçün tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə Azərbaycanla dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail təcrübəsi və dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana kömək etməyə hazırıq”, - səfir deyib.
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə Agentliyində görüşləri olub.
“Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin ərazilərdə olub və öz təkliflərini də irəli sürüb”, - C.Dik vurğulayıb.
SOCAR-ın İsrailin enerji bazarında iştirak imkanları barədə - İsrail ümid edir ki, gələcəkdə Azərbaycan Dövlət Neft Şirkəti bu ölkənin enerji sahəsinin bir hissəsi olacaq.
“Enerji əməkdaşlığının birinci aspekti Azərbaycandan neft idxalıdır. Bu, davam edir, biz neftimizin üçdə-bir hissəsini Azərbaycandan idxal edirik və bunu gələcəkdə davam etdirəcəyik. Əməkdaşlığın ikinci istiqaməti məsləhətləşmələrdir. SOCAR neft-qaz sahəsində böyük təcrübəyə malikdir, biz isə yeniyik. Biz SOCAR kimi şirkətlərin bilik və təcrübələri üzərində çox şey öyrənə bilərik”, - səfir deyib.
O xatırladıb ki, uzun illər ərzində SOCAR nümayəndələri İsrailə səfər edib və İsraildən nümayəndələr Azərbaycana gələrək bu sahədə əməkdaşlığı müzakirə ediblər.
“Biz gələcəkdə bu əməkdaşlığı davam etdirməkdən məmnun olarıq. SOCAR bir neçə il əvvəl İsrailə enerji ehtiyatlarının kəşfiyyatında iştirak edib. Amma bu kəşfiyyat uğurla başa çatmayıb. Bu işlər hər zaman uğurlu olmur. Biz ümid edirik ki, SOCAR gələcəkdə İsraildə fəal olacaq və bu ölkənin enerji sahəsinin bir hissəsinə çevriləcək”, - C.Dik deyib.
İqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq perspektivləri - Səfirin sözlərinə görə, İsrail və Azərbaycan qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə mübarizədə əməkdaşlıq edə bilər.
“Biz iqlim dəyişikliyi ilə mübarizə prosesinə sadiqik, bu dəyişikliklər İsraildə quraqlıq və qəfil daşqınlara səbəb olur. Bu gün Azərbaycanda, Şahdağda temperatur təxminən 10 dərəcəyə çatır. Antarktikada aysberqlər əriyir, yüksək temperaturu olan ərazilər yaşayış üçün əlverişsiz olur. Biz hesab edirik ki, iqlim dəyişiklikləri ilə mübarizədə böyük töhfə verə bilərik”, - deyə o bildirib.
Səfir qeyd edib ki, İsrail 100 il əvvəllə müqayisədə daha çox ağacın əkildiyi dünyada yeganə ölkədir.
“İsrail həm də suları anbarlara, göllərə axıdan yeganə ölkədir. Biz Azərbaycanla birlikdə nəinki iki ölkə üçün, həm də bütün dünya üçün iqlim dəyişiklikləri ilə mübarizədə müsbət nəticələrə nail ola bilərik”, - C.Dik vurğulayıb.
https://az.trend.az/business/3556496.html