XƏBƏRLƏR

Bu il TANAP ilə tədarük ediləcək təbii qazın həcmi açıqlanıb

FEVRAL 24, 2022

2022-ci ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə və Avropaya tədarük edilən təbii qazın ümumi həcminin 16,2 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında bildirib və bunu bu il ərzində gerçəkləşdirə biləcəklərinə inanır.

Onun sözlərinə görə, TANAP istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.

https://report.az/energetika/bu-il-tanap-ile-turkiyeye-tedaruk-edilecek-tebii-qazin-hecmi-aciqlanib/