XƏBƏRLƏR

"Azərişıq" Ağcabədinin bir neçə kəndinin elektrik enerji şəbəkəsini yenidən qurur

APREL 13, 2022

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib ki, bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib.

Layihə çərçivəsində Ağcabədinin Cəfərbəyli, Mehrablı, Ağabəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulacaq.

"Artıq rayonun Cəfərbəyli, Ağabəyli, Mehrablı kəndlərində işlərə start verilib. Növbəti mərhələdə isə Qaradolaq və Şənlik kəndlərində də işlərə başlanılacaq. 5 kənddə ümumilikdə 79 km-a yaxın 10 kV-luq, 36 km-dan çox 0,4 kV–luq elektrik xətləri yenilənəcək. Müxtəlif güclərdə 24 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq.

Bununla da 5 kəndin ümumilikdə 1 784 abonenti keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək və itkilərin həcmi minumuma endiriləcək", - V. Aydınoğlu bildirib.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da elektrik şəbəkəsinin yenidənqurulması işləri davam edir.

https://report.az/energetika/azerisiq-agcabedinin-bir-nece-kendinin-elektrik-enerji-sebekesini-yeniden-qurur/