XƏBƏRLƏR

Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrdən çox olacağı gözlənilir

MAY 05, 2022

Bu ilin sonuna kimi Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrdən çox olacağı gözlənilir. Bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında yazıb.

Qeyd edək ki, P.Şahbazov bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq Nazirlərin Dəyirmi Masasında iştirak edir.

Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.

Bu ilin I rübündə Azərbaycandan Avropaya 2,6 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

https://report.az/energetika/perviz-sahbazov-bu-il-avropaya-qaz-tedarukumuz-10-mlrd-kubmetri-oteceyi-gozlenilir/