XƏBƏRLƏR

Enerji sahəsinin şaxələndirilməsinə və bərpa olunan enerjiyə keçidə mühüm töhfə

İYUN 07, 2022

Dünyada enerji sektorunda mövcud vəziyyət Ukraynadakı müharibə nəticəsində daha da pisləşib. Bu, köhnə dünyanı enerji sahəsini şaxələndirməklə bağlı daha fəal həll yolları axtarmağa, Rusiya təbii qazından imtina etməyə, bərpa olunan enerji mənbələrinə keçməyə vadar edir. Odur ki, bu həftə təşkil edilən 27-ci Bakı Enerji Həftəsində keçirilən görüş və müzakirələr mühüm əhəmiyyət kəsb edirdi.

Bakı Enerji Həftəsi rəsmi şəxsləri və böyük enerji şirkətlərinin nümayəndələrini bir araya gətirib. Qeyd edək ki, forumda iştirak edənlər arasında bir sıra ölkələrin nazirləri və energetika nazirlərinin müavinləri, Azərbaycanda layihələrin həyata keçirilməsi və əməkdaşlıqda maraqlı olan şirkətlərin yüksək vəzifəli şəxsləri var idi. Söhbət ilk növbədə BP, “Equinor”, “Total Energies”, “ACWA Power”, Masdar” və sair şirkətlərdən gedir.

Ümumiyyətlə, 27-ci Bakı Enerji Həftəsində 20 ölkədən, təxminən, 400 nümayəndə iştirak edib. Onlar qlobal enerji təhlükəsizliyi məsələlərini, Xəzər dənizi hövzəsində neft və təbii qazın kəşfiyyatı və hasilatı imkanlarını, Azərbaycanın “mavi yanacağı”nın Avropa üçün əhəmiyyətini, keçid dövrünü, “yaşıl enerji”yə keçidi və bununla bağlı layihələrin maliyyələşdirilməsini müzakirə ediblər.

Yeri gəlmişkən, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan qazına olan tələbat sürətlə artır.

Onun sözlərinə görə, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil: “Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir”.

Azərbaycanın dövlət başçısı vurğulayıb ki, Bakı Enerji Həftəsi gözəl fürsət olacaq, çünki həmin mühüm məsələlərin müzakirəsi üçün qonaqlarımız arasında bir çox ölkələrdən yüksək səviyyəli rəsmilər var.

Qeyd edək ki, ənənəvi neft-qaz konfransını əvəz edən enerji forumunda Azərbaycan təbii qazının əhəmiyyəti və onun enerji sahəsinin şaxələndirilməsinə töhfəsi müzakirə olunub. Məsələn, Serbiyanın Baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç forum çərçivəsində “Report”a açıqlamasında bildirib ki, Serbiya Bolqarıstanla interkonnektorun tikintisini başa çatdıracaq və onun vasitəsilə Azərbaycan təbii qazını ala biləcək: “Serbiya bir enerji təchizatçısından asılı olan kiçik ölkədir. Buna görə də bizim üçün tədarükləri şaxələndirmək xüsusilə vacibdir. Azərbaycan isə Serbiyanın bu məsələdə ümid bəslədiyi ölkədir”.

Müzakirə edilən əsas məsələlərdən biri isə bərpa olunan enerji mənbələrinə keçid olub. Məsələn, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte qeyd edib ki, Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində intensiv iş aparır. Onun sözlərinə görə, ölkə bu istiqamətdə bütün resurslarından istifadə edir və IFC Azərbaycanın bu sahədə təşəbbüslərini alqışlayır.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “BP Exploration Limited” şirkəti arasında çərçivə sənədi imzalanıb. Bu sənədlə bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi nəzərdə tutulur. Müqavilə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı arasında imzalanıb.

Bu arada, Bakı Eenerji Həftəsi çərçivəsində Azərbaycanın incisi – Şuşada xüsusi sessiya keçirilib. Burada isə ölkəmizin enerji ixrac marşrutları ilə yanaşı, enerji resurslarının şaxələndirilməsi məsələsində mühüm rol oynadığı vurğulanıb. Üstəlik, xüsusi sessiyada Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialının inkişafına diqqət yetirilib.

“Üç il əvvəl, 2019-cu ildə keçirdiyimiz xüsusi sessiya zamanı nə vaxtsa Şuşada da belə bir tədbir keçirmə xəyal idi. Bu gün isə bu, gerçəklikdir. Çox şadam ki, enerji müzakirələri Bakının hüdudlarından kənarda - Şuşada keçirilir. Ümid edirəm ki, bu, Şuşa da daxil olmaqla, Qarabağın “yaşıl enerji zonası”na çevrilməsinə töhvəsini verəcək”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Yeri gəlmişkən, Şuşa sessiyası çərçivəsində dörd müqavilə imzalanıb. Belə ki, Azərbaycan Energetika Nazirliyi Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə yeni sənədlər, həmçinin “icra müqaviləsi” imzalayıb.

Bundan əlavə, Şuşa sessiyası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bu sənədlə isə Azərbaycanın bərpa olunan enerji sahəsində potensialının öyrənilməsi, bu sahədə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. “Masdar” şirkəti ilə də oxşar sənəd imzalanıb.

Bir sözlə, Bakı Enerji Həftəsində əldə edilən nəticələrə əsasən cəsarətlə söyləyə bilərik ki, forum Avropanın enerji təhlükəsizliyinə, birgə razılaşmaların əldə edilməsinə, həyata keçirilən cari layihələrlə bağlı irəliləyişin nail olunmasına, həmçinin ümumilikdə enerji sektorunun inkişafına töhfə verib.

https://report.az/energetika/baki-enerji-heftesi-enerji-sahesinin-sexelendirilmesine-ve-berpa-olunan-enerjiye-kecide-muhum-tohfe/