XƏBƏRLƏR

IX Qlobal Bakı Forumunda enerji təhlükəsizliyi müzakirə olunub

İYUN 17, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib.

Forum çərçivəsində “Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda növbəti panel iclası keçirilib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən panel iclasında “Yaxın müddətdə Rusiyanın neft və təbii qazının alışını azaltmaq barədə planları nə dərəcədə həqiqətəuyğundur? ABŞ, Avropa və digər inkişaf etmiş ölkələrdə enerji ilə bağlı hazırkı vəziyyətə qiymət və digər təsirlərin diqqət mərkəzində olduğu bir vaxtda yeni bazarlarda və digər inkişaf etməkdə olan ölkələrdə onun təsirləri nədən ibarətdir? Neft/təbii qaz istehsal edən ölkələrin atdıqları addımlar nədən ibarətdir? Sırf enerji idxalçısı olan ölkələrin gələcək addımları nə olmalıdır? Qlobal karbon emissiyalarının azaldılması üçün zəruri olan bərpa olunan enerji, hidrogen və digər texnologiyalara keçidin nə kimi təsirləri var?” kimi suallara cavablar axtarılıb.

Bolqarıstanın sabiq prezidenti (2012-2017-ci illər) Rozen Plevneliyev panel iclasında çıxışı zamanı bildirib ki, Rusiyanın Bolqarıstana ixrac etdiyi qazı dayandırması nəticəsində mürəkkəb vəziyyət yaranmışdı: “Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq ki, bu mürəkkəb vəziyyətdə enerji resursları ilə bağlı bizə dəstək verdi”.

O həmçinin qeyd edib ki, bu ilin sonuna qədər Avropada Rusiya qazından asılılığın 50 faizə qədər azaldılması nəzərdə tutulur: “Lakin Rusiya və Çin arasında yeni qaz kəməri tikilməkdədir. Hindistan da Rusiyadan enerji resurslarının alınmasını artırıb. Bununla belə, Rusya üçün Çin və Hindistan Avropanı əvəz edə bilməz”.

Energetika nazirinin müavini Elnur Sultanov isə bildirib ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisinin ciddi ixracatçısıdır. Ötən illərlə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı 45 faiz artıb. Onun sözlərinə görə, Avropa ölkələri Zəngəzur dəhlizindən də yararlana bilər: “Ermənistan üçtərəfli bəyanatdan irəli gələn məsələləri yerinə yetirməlidir. Prezident İlham Əliyev də qeyd edib ki, vədlər yerinə yetirilməlidir. Düşünürük ki, bu vədlərin yerinə yetirilməsi nəticəsində Azərbaycan da öz töhfəsini verə bilər”.

https://report.az/energetika/bakida-enerji-tehlukesizliyine-cari-tehlukeler-onlarin-xarakteri-miqyasi-ve-aradan-qaldirilmasinin-semereli-yollari-muzakire-olunub/