XƏBƏRLƏR

Kəlbəcərdə 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı olub

İYUN 27, 2022

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası haqqında məlumat verib.

Bildirilib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.

“Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.

Qeyd olunub ki, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.