Beynəlxalq Enerji Agentliyi (IEA) Rusiyanın Ukraynaya hücumu və tətbiq edilən sanksiyaların səbəb olduğu yüksək qiymətlər səbəbi ilə qlobal təbii qaz tələbinin azalacağını proqnozlaşdırır. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rüblük bazar hesabatında qeyd olunub.
Məlumata görə, qiymət artımı və Rusiyadan qaz ixracının kəsilməsi təhlükəsi fonunda qarşıdakı 3 il ərzində təbii qaz tələbində azalma ola bilər. Asiyadakı iqtisadi yavaşlama səbəbi ilə qazdan istifadənin 5% azalacağı gözlənilir. IEA 2021-2025-ci illər üçün qlobal təbii qaz tələbi ilə bağlı proqnozunu isə 170 milyard kubmetrdən 140 milyard kubmetrə endirib.
Qurum eyni zamanda, 2024-cü il üçün qlobal qaz tələbi artımı üzrə proqnozunu ötən illə müqayisədə 60% azaldıb. Hesabata əsasən, bu il Avropada yanacağa tələbin təxminən 9% azalacağı proqnoz edilir. IEA bu il üçün qlobal LNG ticarətinin isə 5% artacağını gözləyir. Bu nisbət 2021-ci ildəki artım tempindən bir qədər aşağıdır.
https://margin.az/az/post/iea-qlobal-qaz-telebi-azalacaq-33898