Avropa uzun və sərt qış mövsümünə hazırlaşmaq üçün yaxın bir neçə ay ərzində qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmalıdır. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.
F.Birol qeyd edib ki, Avropa İttifaqı Rusiyadan nəqlin davamlılığına dair ciddi qeyri-müəyyənlik fonunda Rusiya qazının əvəz edilməsi məsələsində müəyyən irəliləyiş qazanıb. O, Rusiyanın Avropaya təbii qaz nəqlini tamamilə dayandırması ehtimalının olduğunu da əlavə edib.
Avropada müşahidə edilən güclü istilər elektrik stansiyalarında qaza tələbatın artmasına səbəb olub. Avropada elektrik enerjisi təchizatı məhduddur, çünki yüksək hava temperaturu külək enerjisi istehsalını azaldır, suyun temperaturunun artması atom elektrik stansiyalarında generasiyanı azaldır, çaylarda suyun səviyyəsinin aşağı düşməsi isə elektrik stansiyalarına kömür çatdırılması zəncirini pozur.
F.Birol qeyd edib ki, qarşıdakı üç ay ərzində Avropada təbii qaz ehtiyatlarının artımı 12 milyard kub fut artırılmalıdır ki, bu da 130 tankerdə LNG tədarükünün həcminə uyğundur.
“Qışa qədər təbii qaz ehtiyatlarının davamlı səviyyəsinin yaradılması istiqamətində ilk addım Avropada hazırkı təbii qaz istehlakının azaldılması və artığının anbarlara göndərilməsidir. Təbii qazın qiymətlərinin çox yüksək olması səbəbindən istehlak artıq bir qədər azalıb, lakin daha böyük azalmalara ehtiyac var. Avropa sərt qışa hazırlaşmaq üçün təbii qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmalıdır”, - F.Birol deyib.
https://report.az/energetika/bea-rehberi-avropani-tebii-qaz-istehlakini-azaltmaga-cagirib/