“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu reallaşdırıldıqdan sonra Gürcüstan güzəştli qiymətlə əlavə təbii qaz alacaq”.
Bunu enerji məsələləri üzrə ekspert Arçil Mamatelaşvili “Business Media” nəşrinə deyib.
Onun sözlərinə görə, Avropa üçün qazın həcminin artması Gürcüstan üçün daha çox ucuz qaz deməkdir: “Avropa və ABŞ-ın Gürcüstanı öz tərfdaşı kimi görməsi vacib olacaq. Bu, Gürcüstanın Avrointeqrasiyasının gələcəyi üçün də böyük plyusdur. Bu vəziyyətdə Gürcüstan-Azərbaycan tərəfdaşlığı da Avropa üçün mühüm əhəmiyyət əldə etmiş olur”.
Digər ekspert Murman Marqvelaşvili də bildirib ki, Azərbaycanın Avropaya nəql olunan qazın həcmini iki dəfə artıracağı halda Gürcüstan tranzit müqabilində daha böyük həcmdə ucuz qaz alacaq: “Cənub Qafqaz Boru Kəmərində qazın həcmi artırılacaqsa, məntiqə uyğun olaraq opsion qazın da həcmi artacaq. Opsion qaz o deməkdir ki, nəqletməyə görə nağd ödəniş edilir və yaxud qazı nisbətən ucuz qiymətə əldə etmək imkanı olur. Əgər kəmər vasitəsilə hər il 10 milyard kubmetr qaz nəql olunacaqsa, onun yarım milyard kubmetrini ucuz qaz kimi əldə edəcəyik”.
https://report.az/energetika/ekspertler-azerbaycan-ai-memorandumu-gurcustana-guzestli-qiymetle-elave-qaz-almaga-imkan-verecek/