XƏBƏRLƏR

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə minib

İYUL 27, 2022

Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanun və qanunun tətbiqi barədə fərman imzalayıb.

Qanuna əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
- əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;
- investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;
- investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;
- investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;
- dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;
- iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;
- investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi.

Qanunun 18-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi gündən “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ləğv edilir.

“Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayır.

https://president.az/az/articles/view/56757