Hazırda Azəri Mərkəzi Şərqi (ACE) layihəsinin icrası üzrə işlər ən yüksək həddədir və ümumilikdə 75 faizi tamamlanıb.
BP-dən AZƏRTAC-a bildirilib ki, bu işlərə 5000 nəfər insan cəlb olunub. ACE platformasının sualtı qaz xətlərinin yataqdaxili sualtı boru kəmərinə birləşməsi başa çatıb.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri davam edib–qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi əməliyyatı uğurla icra olunub, qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir, üst tikililərin şimal və cənub kranları quraşdırılıb, üst modulları borularının yığılması və hidrosınağı davam edir.
Dayaq blokunun tikintisi işləri başa çatıb, barja yükləmə və yolasalınma üzrə hazırlıq işləri davam edir.
Qeyd edək ki, gündəlik hasilat gücü 100 min barel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.
https://azertag.az/xeber/ACE_layihesinin_icrasi_uzre_islerin_umumilikde_75_faizi_tamamlanib-2241737