XƏBƏRLƏR

Bolqarıstanın energetika naziri: “Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək”

AVQUST 13, 2022

Azərbaycan qazı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə oktyabrın 1-də Yunanıstandan nəql olunacaq. Bu barədə Bolqarıstanın energetika naziri Rozen Xristov ölkə prezidenti Rumen Radev ilə Yunanıstanla qaz xəttini quran “Avax” tikinti şirkətinin sahibi və rəhbərliyi, eləcə də podratçı ICGB nümayəndələri arasında keçirilən görüşdən sonra bildirib.

“Layihənin vaxtında başa çatdırılacağına və istifadəyə veriləcəyinə müəyyən inam var. İnşaatçı istismaravermə işlərinın vaxtında başa çatdırılacağı ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürüb - oktyabrın 1-də qazın kommersiya həcmləri borudan keçməlidir”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, inşaatçının fəaliyyətlərin həyata keçirilməsi üzrə qrafiki tam təqdim edə bilməməsi narahatedicidir. “Razılaşdıq ki, çərşənbə günü obyektdə görüşümüz olacaq və orada mənə lazımi – inşaatçı, əgər varsa, subpodratçılar və podratçı ilə razılaşdırılan qrafik veriləcək. Cədvəl Energetika Nazirliyi və Regional İnkişaf və Rifah Nazirliyi tərəfindən yoxlanılacaq, bundan sonra biz bu qrafikə uyğun olaraq hər bir fəaliyyətə operativ nəzarət edəcəyik”, - R.Xristov deyib.

Bolqarıstanın regional inkişaf və rifah naziri İvan Şişkov qeyd edib ki, inşaatçı həqiqətən gücləndirilmiş rejimdə işləyirsə, inşaat işlərinin başa çatması üçün “Avax”ın göstərdiyi son müddət - sentyabrın əvvəlinə qədər - çox güman, normal ola bilər.

“Hazırda Milli İnşaat Müfəttişliyi ilə tənzimləyici arasında gərgin iş gedir və IGB-ni işə salmaq məqsədilə mərhələləri aydınlaşdırmaq üçün sənədlər yekunlaşdırılıb. Artıq bəzi problemli məqamlar aydınlaşmağa başlayıb”, - o əlavə edib.

Qeyd edək ki, Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstanla qaz xəttini quran tikinti şirkətinin sahibi və rəhbərliyi və tikintini sifariş edən layihə şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşdə Baş nazir vəzifəsini icra edən Qalab Donev, energetika naziri vəzifəsini icra edən Rozen Xristov və regional inkişaf və rifah naziri vəzifəsini icra edən İvan Şişkov iştirak ediblər.

“Sistemlərarası qaz bağlantısı təkcə infrastruktur layihəsi deyil, o həm də güclü regional və geosiyasi ölçüyə malik obyektdir. Bu layihə təkcə ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək üçün zəruri deyil, o həm də Bolqarıstana, Mərkəzi və Şərqi Avropa ölkələrinə qaz tədarükünün real diversifikasiyasına nail olmaq, o cümlədən regionumuzun sabit iqtisadi inkişafını və enerji təchizatının müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün Avropa siyasətinin həyata keçirilməsini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir”, - R.Radev bildirib.

Prezident vurğulayıb ki, kəskin qlobal enerji böhranı, məhdud tədarük və qiymətlərin artması şəraitində bu infrastrukturun və geosiyasi layihənin başa çatdırılması ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.

O, əmin edib ki, Bolqarıstan tərəfi layihənin tez bir zamanda istifadəyə verilməsi üçün hərtərəfli yardıma hazırdır. R.Radev yanğın təhlükəsizliyi və obyektin təhlükəsiz istismarı üçün tədbirlərlə bağlı qalan tamamlama işləri və tikinti-quraşdırma işlərinin həm inşaatçının, həm sifarişçinin tam səfərbərliyi, həm də hökumətin timsalında Bolqarıstanın dəstəyi ilə başa çatdırılacağına ümidvar olduğunu bildirib.

“Avax” tikinti şirkətinin nümayəndələri layihənin əhəmiyyətini əvvəlcədən dərk etdiklərini və onun uğurla başa çatması üçün mümkün olan hər şeyi etməyə çalışdıqlarını vurğulayıblar.

Məlum olub ki, inşaatçı avqust ayı ərzində tikinti işlərini mümkün qədər tez başa çatdırmağı planlaşdırır.

Sifarişçi ICGB-nin icraçı direktoru Teodora Georgiyeva bildirib ki, layihə son mərhələdədir: “Ərazinin Bolqarıstan qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq, istismara hazır şəkildə inşaatçı tərəfindən bizə təhvil veriləcəyini gözləyirik”.

T.Georgiyeva əlavə edib ki, hazırda onlar “Bulgargaz” şirkəti ilə Azərbaycan qazının nəqli üçün Komotini məntəqəsini dəqiq nə vaxt işə salmağın mümkünlüyünü müzakirə edirlər.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

https://report.az/energetika/bolqaristanin-energetika-naziri-azerbaycan-qazi-igb-vasitesile-oktyabrda-neql-edilecek/