XƏBƏRLƏR

Məcburi enerji auditin keçirilməsi üçün meyarlar təsdiq edildi

AVQUST 19, 2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə  «Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları” təsdiq edilmişdir.

«Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2022-ci il tarixli 309 nömrəli Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında məcburi enerji auditinin keçirilməsini nəzərdə tutur:

- İllik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;
- Tikinti sahəsi ən azı 10 000 kvadrat metr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır.

https://nk.gov.az/az/document/6363/