Bu ilin sonuna Azərbaycandan Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixracı proqnozlaşdırılır, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
"Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə Yunanıstan-Borqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində Bolqarıstana qaz tədarükü məsələlərini müzakirə etdik", - nazir bildirib.
Bolqarıstanla dostluq və tərəfdaşlıq münasibətlərinin enerji əməkdaşlığı ilə dərinləşdiyini deyən energetika naziri Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan İnterkonnektoru hazır olmasa da, Azərbaycanın ötən ildən indiyə kimi bu ölkəni 555 milyon kubmetr təbii qazla təchiz etdiyini bildirib. Nazir bu ilin iyul ayından Bolqarıstana gündəlik qaz nəqlinin 2,6 milyon kubmetrə yüksəldiyini diqqətə çatdırıb.
Görüşdə IGB-nin kommersiya fəaliyyətinə başlamasının oktyabra planlaşdırıldığı qeyd edilib və kəmərin Bolqarıstan, ümumilikdə isə Cənub-Şərqi Avropanın enerji təchizatına töhfə verəcəyi vurğulanıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi çərçivəsində Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü perspektivləri də nəzərdən keçirilib.
Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov isə Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkəsinin TAP-ın genişləndirilməsi mərhələsində əməkdaşlığa marağını ifadə edib.
Görüşdə, həmçinin Azərbaycanın Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalı və ixracı ilə bağlı planları və “yaşıl enerji”nin Avropaya ixrac perspektivləri, eləcə də enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, TAP kommersiya istismarına veriləndən Avropaya 12 milyard kubmetr qaz nəql edib, ondan 10 milyard kubmetri İtaliyaya, 1 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana göndərilib.
TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
https://report.az/energetika/ilin-sonunadek-azerbaycan-bolqaristana-600-milyon-kubmetr-qaz-ixrac-edecek/