“Avropa Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçid etmək üçün tədbirlər görür”, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen bildirib.
"Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçmək üçün səylə çalışırıq. Əslində, hazırda Norveç Avropa İttifaqına (Aİ) Rusiyadan daha çox qaz tədarük edir", - o deyib.
Ursula fon der Lyayen Rusiyanın etibarsız təchizatçı olduğunu və qaz bazarını aktiv şəkildə manipulyasiya etdiyini vurğulayıb. Onun sözlərinə görə, son 6 ay ərzində Rusiyanın iqtisadiyyata və Avropaya təsirini xeyli zəiflətmək mümkün olub.
Avropa Komissiyasının lideri bununla bağlı atılmış 3 addımı açıqlayıb. Bu siyahıya tələbin azaldılması, Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina olunması, həmçinin bərpa olunan enerji mənbələrinə geniş investisiya qoyuluşu daxildir.
Ursula fon der Lyayen mövcud vəziyyətin elektrik enerjisi bazarına təsirindən də danışıb: "Hazırda biz ev təsərrüfatları və şirkətlər üçün elektrik enerjisinin astronomik qiymətləri, eləcə də bazarın böyük volatilliyi ilə üzləşirik. Buna görə də biz 5 fərqli tədbirlər paketi təklif edəcəyik".
Onun sözlərinə görə, bu 5 paket Aİ-nin enerji nazirlərinin sentyabrın 9-da keçiriləcək görüşündə müzakirə olunacaq.
https://report.az/energetika/avropa-komissiyasinin-prezidenti-azerbaycan-kimi-etibarli-qaz-techizatcilarina-kecid-uzerinde-isleyirik/