XƏBƏRLƏR

Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlərə ehtiyac var

SENTYABR 15, 2022

“Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün dövlət resursları ilə yanaşı, yeni mexanizmlərin işlənib hazırlanması, yeni mühitin formalaşdırılması lazımdır”, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.

O, Dünya Bankı ilə gələcək əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib: “Azərbaycan Dünya Bankı ilə ölkənin işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun bərpasına yönəlmiş layihələr, o cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması və “yaşıl" iqtisadiyyata keçid layihələri üzrə əməkdaşlıq edir”.

M.Cabbarov deyib ki, Azərbaycan hidrogen istehsalı sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

O əlavə edib ki, bu tədbir beş milli prioritet üzrə sosial-iqtisadi inkişaf strategiyasının bu yaxınlarda təsdiq edildiyi, onlardan dördü ilə Dünya Bankının Azərbaycanla əməkdaşlıq etmək arzusunu ifadə etdiyi bir vaxtda keçirilir: “Bu beş prioritet azad edilmiş ərazilərə Böyük Qayıdışdır. Çünki bu ərazilərin bərpası və inkişafı təkcə davamlı iqtisadi inkişafa, “yaşıl inkişaf”a və əhəmiyyətli investisiyalara deyil, həm də insan kapitalına investisiyaya kömək edə bilər”.

Naizr vurğulayıb ki, Azərbaycan həmçinin Dünya Bankı ilə enerji keçidi, ölkə iqtisadiyyatında islahatların aparılması və formatlaşdırılması məsələlərini müzakirə edir: “Dünyada, xüsusən də Avropa bazarında baş verən son hadisələr fonunda bəzi layihələr bir qədər ləngiyə bilər. Lakin Azərbaycan mühüm regional neft və təbii qaz istehsalçısı olmaqla, lazımi investisiyalara zəmanət verir və əsas diqqəti bərpa olunan enerji mənbələrinin potensialının yaradılmasına yönəldir”.

İqtisadiyyat naziri deyib ki, Azərbaycan yoxsul ölkədən orta gəlirli dövlətə çevrilib və Dünya Bankı ölkə iqtisadiyyatının inkişafı ilə bağlı layihələrə dəstək verməklə bunda mühüm rol oynayıb.

https://report.az/maliyye-xeberleri/mikayil-cabbarov-azerbaycana-ozel-investisiyalarin-celb-edilmesi-ucun-yeni-mexanizmlere-ehtiyac-var/