Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinə qədər istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirin vergidən azad olunması nəzərdə tutulur, bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il iyulun 22-də təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanda elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilə qədər 24 %-ə çatdırılması proqnozlaşdırılır. Bu, 2030-cu ilə qədər 30 % hədəfinə uyğundur.
Strategiyada deyilir ki, energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaq. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən, digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaq.
https://report.az/energetika/azerbaycanda-berpa-olunan-menbeler-hesabina-elektrik-enerjisi-vergiden-azad-oluna-biler/