Rumıniya üçün Azərbaycandan təbii qaz nəql etmək üçün tranzit müqavilələri lazımdır, bunu Rumıniyanın energetika naziri Virgil Popesku bu gün Buxarestdə işinə başlayan Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC) bildirib.
Onun sözlərinə görə, Rumıniya tərəfi çoxdandır Rusiyadan başqa, digər ölkələrdən olan təbii qazın da gətirilməsi üzərində işləyir: “Digər ölkələrdən qaz nəql etmək, mayeləşdirilmiş təbii qaz (LNG) nəql etmək, Azərbaycandan qaz gətirmək üçün tranzit müqavilələri lazımdır. Biz onların üzərində işləyirik. Təbii qazın tranzit müqaviləsini, LNG-nin Yunanıstanda və ya Türkiyədə müəyyən limanlarda boşaldılmasını başa çatdırdıqdan sonra onları ictimaiyyətə təqdim edəcəyik”.
Xatırladaq ki, Azərbaycan təbii qazının nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) Cənubi Balkanlardan gələn qaz nəqlinin bir hissəsini çoxdan fəaliyyə göstərən Rumıniyanın sistemi olan Gurgiu-Ruse boru kəmərinə və daha sonra BRUA ilə Macarıstan vasitəsilə qitənin mərkəzinə çatdırmağa imkan verir.
V. Popesku həmçinin qeyd edib ki, Rumıniya oktyabrın 1-də İGB-nin açılışına dəvət olunub: “Digər dövlətlərin nazirləri ilə birlikdə Rumıniyaya da Azərbaycan qazını idxal etməyə imkan verən İGB-nin açılşı üçün oktyabrın 1-də Bolqarıstana dəvət olunub. Hamımız iştirak edəcəyik və bu, Bolqarıstanda yüksək səviyyəli iştirak olacaq”.
Qeyd edək ki, İGB Yunanıstanın milli qaz ötürücü sistemini və Yunanıstanın Komotini bölgəsindəki Trans-Adriatik Boru Kəmərini (TAP) Bolqarıstanın Stara Zaqora bölgəsində milli qaz ötürücü sistemi ilə birləşdirmək üçün nəzərdə tutulub. İnterkonnektorun ümumi uzunluğu 182 kilometr, nəqletmə qabiliyyəti isə Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetr nəzərdə tutulub. Uzunmüddətli perspektivdə IGB interkonnektoru İsrail və Kiprdən təbii qazı, həmçinin Azərbaycan və digər ölkələrdən əlavə həcmləri nəql edə biləcək.
IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.
https://report.az/energetika/virgil-popesku-ruminiyaya-azerbaycandan-qaz-neqli-ucun-tranzit-muqavileleri-lazimdir/