XƏBƏRLƏR

P.Şahbazov: “Qaz enerji keçidində əhəmiyyətli rola malik olacaq”

OKTYABR 12, 2022

Təbii qaz yaxın zamanlarda ölkələrin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsməklə bərabər, həmçinin enerji keçidində böyük rol oynayır, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən Rusiya Enerji Həftəsində çıxışı zamanı bildirib.

"Bu bizə konkret mesaj verir ki, yaxın onilliklərdə təbii qaz enerji keçidinin əsas komponentlərindən biri kimi olduqca əhəmiyyətli rola malik olacaq”, - nazir bildirib.

Onun sözlərinə görə, bu gün “yaşıl energetika” kifayət qədər dinamik inkişaf edir: "Bunu bilmək üçün bu sahədə baş verən hadisələrə, bu sahəyə yatırılan investisiyalara və güclərə baxmaq kifayətdir".

P.Şahbazov qeyd edib ki, 2021-ci ildə dünyada artıq 250 qeqavatt bərpa olunan enerji yaradılıb və bu sahəyə 360 milyard ABŞ dolları həcmində investisiya yatırılıb: “Bu, karbohidrogen resurslarına yatırılan vəsaitdən çoxdur. Bütün bu faktlar da onu göstərir ki, bundan sonra da “yaşıl energetika” inkişaf edəcək”.

Nazir bildirib ki, burada əsas məsələ, bu prosesin necə ağrılı keçəcəyidir: “Təbii ki, bizə enerji keçidinin məntiqli prosesi lazımdır və bunu da biz məntiqlə yaxşıca planlaşdırmalıyıq. Bizim hamımızın yaşadığı qlobal enerji böhranı gətirib ona çıxarıb ki, bu gün ən azı təbii qaz ən vacid enerji resursuna kimi baxılmağa başlanılıb”.

P. Şahbazov deyib ki, əgər neftdən danışırıqsa, prinsipcə, deyə bilərik ki, neft enerji yanacağı qismində geriləyəcək: "Ancaq neft neft-kimya istehsalı sahəsində hər zaman tələbata malik olacaq. Neft-qaz sektoru özünün mövcudluğunu davam etdirəcək. Bu sahə özünün müəyyən inkişafını davam etdirəcək. Bu sahə tranformasiya edəcək və ola bilsin ki, indikindən tamam fərqli şəkil alacaq. Çünki, hazırda biz görürük ki, qlobal enerji böhranı zamanı bütün qlobal enerji arxitekturası dinamik olaraq dəyişir. Ancaq bununla belə, neft və qaz sektorunun rolu, qeyd etdiyim kimi, saxlanılacaq”.

Nazir vurğulayıb ki, hazırda bu faktdır ki, “yaşıl energetika” olduqca güclü beynəlxalq siyasi, investisiya dəstəyinə malikdir: “Artıq özünün enerji təhlükəsizliyini həll etmiş ölkələr artıq daha etibarlı səviyyədədirlər. Onlar özünün enerji keçidini daha optimal olaraq həyata keçirə bilirlər. Yəni “yaşıl enerji”yə keçidi daha optimal olaraq həyata keçirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan ənənəvi neft və qaz istehsalçısı ölkəsi olaraq bununla bağlı çox ciddi tədbirlər görür. Artıq Azərbaycan 4 700 meqavat gücündə külək və günəş elektrik enerjisinin istehsalı ilə bağlı xarici investisiyalı layihələrin inşası ilə bağlı razılıqlar əldə etmişik. Növbəti mərhələdə daha 6 qeqavatt gücündə enerjinin reallaşdırılmasını həyata keçirməyi planlaşdırırıq”.

P. Şahbazov sonda bildirib ki, Azərbaycanda quruda ümumi həcmi 26 qeqavat günəş və külək enerjisi potensialı da mövcuddur: “Xəzər dənizin Azərbaycan sektorunda böyük həcmdə elektrik gücləri mövcuddur ki, bu da gələcəkdə həm daxili tələbata, həm də tərəfdaşlarımız və qonşularımıza tədarük üçün istifadə ediləcək”.

https://report.az/energetika/perviz-sahbazo-qaz-enerji-kecidinde-ehemiyyetli-rola-malik-olacaq/