XƏBƏRLƏR

Azərbaycan İspaniya ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

OKTYABR 19, 2022

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov İspaniyanın energetika departamentinin rəhbəri ilə iki ölkə arasında enerji sektorunda əməkdaşlığa dair müzakirələr aparıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov tviterdə yazıb.

“İspaniyanın energetika üzrə dövlət katibi Sara Agesen Munosa səmərəli görüşə görə təşəkkürümü bildirmək istərdim. Əminəm ki, enerji sektorunda ikitərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək”, - o qeyd edib.

Xatırladaq ki, İspaniyanın “Enagas” şirkəti Trans-Adriatik Boru Kəmərində (TAP) 16 % paya malikdir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii qaz məhz bu kəmər vasitəsilə Avropa bazarlarına nəql olunur. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Onun ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

https://report.az/energetika/azerbaycan-ispaniya-ile-enerji-sahesindi-emekdasligi-muzakire-edib/