Azərbaycanda yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkənin ümumi elektrik enerjisi istehsalı gücü 7 953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və yaxud 4,9 % artım deməkdir, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, son 1 il elektroenergetika sisteminin dayanıqlığının artırılması, yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin olub: “Elektroenergetika sistemində ümumi gücü 6 642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1 158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 %-ni təşkil edir”.
Nazir bildirib ki, bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib: “Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır. Ötən il Azərbaycanda 27,8 milyard kVt/saat istehsal, 1,67 milyard kVt/saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 milyard kVt/saat elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 milyon kVt/saat artımla 21,5 milyard kVt/saat, ixracı isə 775,5 milyon kVt/saat artaraq 1,8 milyard kVt/saat təşkil edib”.
P. Şahbazovun sözlərinə görə, bu il Türkiyəyə 940,5 milyon kVt/saat, Gürcüstana 694,1 milyon kVt/saat, İrana 95,6 milyon kVt/saat, Rusiyaya 75,6 milyon kVt/saat elektrik enerjisi ixrac edilib: “Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 milyon kVt/saat olub”.
https://report.az/energetika/energetika-naziri-azerbaycanin-elektrik-enerjisi-istehsali-gucu-5-artib/