XƏBƏRLƏR

“Sahibkarları “yaşıl enerji” istehsalına stimullaşdırmağın iki üsulu var - müsahibə

OKTYABR 26, 2022

Alternativ enerji mənbələrinə keçid müasir dünyanın qarşısında duran ən aktual vəzifələrdəndir. Bu istiqamətdə Azərbaycanda görülən işlərlə bağlı “vergiler.az”ın suallarını Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov cavablandırıb.

- Sadiq müəllim, dünyada günəş, külək və digər bərpa oluna bilən alternativ enerji mənbələrinə maraq durmadan artır. Bu sahədə ölkəmizdə də xeyli işlər görülüb. Mövcud statistik mənzərə necədir?

- Hazırda Azərbaycanda 30 su elektrik stansiyası, 4 külək elektrik stansiyası, 8 günəş elektrik stansiyası, bərpa olunan enerji mənbələri üzrə 3 hibrid elektrik stansiya və 1 ədəd bərk məişət tullantılarının yandırılması zavodu fəaliyyət göstərir. 2022-ci ilin 9 ayında respublika üzrə su elektrik stansiyalarında 1,4 milyard kVt/saat, külək elektrik stansiyalarında 66,9 milyon kVt/saat, günəş elektrik stansiyalarında 50,1 milyon kVt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 156,8 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. İlin əvvəlindən oktyabr ayınadək istehsal olunan elektrik enerjisinin 7,8%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

Azərbaycanın quruda bərpa olunan enerji mənbələri üzrə iqtisadi potensialı 27 QVt, dənizdə külək enerjisinin texniki potensialı isə 157 QVt həcmində qiymətləndirilir. Quruda “yaşıl enerji” potensialının əsas mənbəyi günəş və külək resurslarıdır: günəş enerjisi potensialı 23 QVt, quruda külək enerjisi potensialı isə 3 QVt həcmində müəyyən edilib. Bundan əlavə, hidroenerji, bioenerji və qismən geotermal enerji potensialı da mövcuddur.

- “Yaşıl enerji” istehsalını artırmaq üçün hansı addımların atılması nəzərdə tutulur?

- Bərpa olunan enerji mənbələri hesabına istehsal olunan ekoloji təmiz elektrik enerjisinin həcminin artırılması məqsədilə bu sahəyə özəl, eləcə də xarici investisiyalar cəlb edilir. Hazırda təməli qoyulmuş 230 MVt gücündə günəş və 240 MVt gücündə külək elektrik stansiyaları tamamilə özəl investisiya hesabına reallaşdırılır. İki stansiyadan birlikdə illik 1,5 milyard kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu isə hazırkı istehsal həcminin 2 dəfə artırılması deməkdir.

240 MVt gücündə daha bir günəş elektrik stansiyası özəl investisiya cəlb edilməklə Cəbrayıl rayonunda quraşdırılacaq.

Bundan əlavə, quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri və dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə icra müqavilələri imzalanıb. Hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən, növbəti 8 il ərzində ölkənin elektroenergetika üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması planlaşdırılır. Bu isə ən az 1500 MVt gücündə yeni “yaşıl enerji” stansiyalarının inşası deməkdir. Bugünkü generasiya həcmləri ilə müqayisə edilərsə, bu, ölkənin ümumi elektrik enerjisi istehsalının 20%-nin bərpa olunan mənbələr hesabına təmin ediləcəyi deməkdir.

- İşğaldan azad edilən ərazilərdə bu potensialdan istifadə etməklə bağlı hansı təkliflər var?

- İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji üzrə texniki potensialı 10 QVt-dan çoxdur. Bu potensialın reallaşdırılması üçün, əsasən, özəl investisiyaların cəlbi istiqamətində işlər gedir. Hazırda “bp” şirkəti ilə Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Bu stansiya hesabına təqribən illik 500 milyon kVt/saat həcmində elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyasının inşasına xarici investisiyanın cəlbi nəzərdə tutulur. Cəbrayıl rayonu ərazisində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi və istismarı üzrə işlər davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır.

- “Yaşıl enerji” istehsalına əlavə investisiyalar cəlb etmək üçün hansı addımlar atılır?

- Hazırda ölkəmizdə mövcud olan münbit investisiya mühiti iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpa olunan enerji sektoruna özəl sərmayələrin cəlb edilməsinə şərait yaradır. Bununla yanaşı, “yaşıl enerji” layihələri üçün vergi, gömrük, torpaq icarəsi və digər güzəştlərin tətbiq edilməsi, həmçinin iqtisadi meyarlara əsaslanan elektrik enerjisi tariflərinin təklif edilməsi əlavə investisiyaların cəlbini stimullaşdıra bilər. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunda sahibkarları və investorları günəş, külək və digər növ “yaşıl enerji” istehsalına stimullaşdırmağın iki üsulu müəyyənləşdirilib. Bunlardan birincisi sənaye həcmli elektrik stansiyaları üçün nəzərdə tutulan hərracların keçirilməsi yolu ilə bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi mexanizmidir. Digəri isə kiçik güclü bərpa olunan enerji qurğuları üçün nəzərdə tutulmuş aktiv istehlakçıların dəstəklənməsi mexanizmidir. Hər iki mexanizm üçün hazırda qaydaların layihəsi hazırlanıb.

- Azərbaycanda istehsal olunan alternativ enerji resurslarının ölkənin elektrik enerjisinin ixracı potensialına təsiri necə qiymətləndirilir?

- Azərbaycan hazırda elektrik enerjisi ixracatçısıdır. Cari ilin 9 ayı ərzində elektrik enerjisinin ixracı 1,8 milyard kVt/saat olub. İrana 95,6 milyon kVt/saat, Türkiyə 960 milyon kVt/saat, Rusiyaya 75,6 milyon kVt/saat, Gürcüstana isə 679,6 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. İxrac həcmlərinin “yaşıl enerji” hesabına artırılması perspektivi kifayət qədər realdır. Bərpa olunan enerji mənbələri hesabına gələcəkdə istehsal olunacaq böyük həcmlərin Avropa ölkələrinə ixracı planları üzərində işlər davam etdirilir. Əsasən üç xətt nəzərdən keçirilir. Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi ilə; Gürcüstan-Türkiyə üzərindən; Gürcüstan, Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsi ilə ölkəmizdən elektrik enerjisinin Avropaya ixracı variantları müzakirə edilir.

https://azpolitika.info/?p=693224&fbclid=IwAR22Jk8xsdhImN-68davL6cHDlIjYB0l8npUJ3rrrTSyzXEn1J-e7ac1Ea4