Böyük Britaniyanın BP şirkəti Azərbaycanda günəş enerjisinə investisiyası ölkədəki karbon emissiyalarını 11 % azaltmasına səbəb olacaq və belə layihələrin həyata keçirilməsi gələcək investisiyalar üçün model yaradacaq.
Bunu “Report”a açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan deyib.
“2016-cı ildən BP şirkəti Azərbaycanda karbon emissiyalarının 0,5 milyon ton azalmasına nail olub. Bu isə müxtəlif üsulların tətbiqi ilə həyata keçirilir. Buna xüsusən, dəniz platformalarında optimallaşdırma və səmərəliliyin artırılması hesabına nail olunub. Burada işlədiyimiz müddətdə bir çox kiçik layihələr həyata keçirmişik. Günəş elektrik stansiyasının tikintisinə və onun şəbəkə yaradılması potensialının olduğu Səngəçal terminalı ilə birləşdirilməsinə gəlincə, bu, ciddi investisiyaların cəlb olunduğu böyük layihə, irəliyə doğru böyük addımdır. Çünki bununla həm günəş enerjisinə, həm də Səngəçal terminalına böyük sərmayə qoyulur. Əgər bunu həyata keçirsək, bu, şirkətin ölkədəki karbon emissiyalarını 11 % azaltması demək olacaq”, - K.Allan bildirib.
O əlavə edib ki, bundan sonra şirkət dəniz qurğularının elektrikləşdirilməsi imkanlarını necə həyata keçirə biləcəyini nəzərdən keçirə bilər: "Yəni bu, dekarbonizasiya məqsədimizə çatmaq məqsədilə böyük layihələrə keçmək üçün yaxşı imkandır”.
Onun sözlərinə görə, hazırda hidrogen istehsalı üzrə layihələr yalnız konseptual xarakter daşıyır: “Hazırda şirkət öz fəaliyyətində dekarbonizasiyaya diqqət yetirir. Lakin biz hər zaman irəliyə doğru baxır, gələcək imkanlar haqqında düşünürük. Biz bərpa olunan enerji mənbələrinə hansı investisiyaların qoyulmasının mümkün olduğunu, bunun nə ilə nəticələnəcəyini və bu enerjinin marketinqinin necə olacağını düşünürük”.
https://report.az/energetika/bp-nin-azerbaycanda-gunes-enerjisi-sahesine-investisiyasi-gelecek-sermayeler-ucun-model-yaradir/