Hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi yeni reallığın perspektivlərindəndir.
Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir: "Elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanıb. Bu aspektdə, “Cəbrayıl” enerji qovşağının yaradılması böyükmiqyaslı energetik və strateji əhəmiyyətli hadisədir".
Nazir deyib ki, bu gün Azərbaycan kimi etibarlı tərəfdaşlara böyük ehtiyac var: "Mövcud reallıqlar göstərir ki, Azərbaycanla enerji tərəfdaşlığının genişləndirilməsi Avropa ölkələri üçün strateji prioritetlərdən biridir. Ona görə də bu zonanın “yaşıl enerji” potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensial mənbə qismindədir. Eyni zamanda, Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var. Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Avropa İttifaqı ilə enerji dialoqumuzda bərpa olunan enerji ilə yanaşı enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq da yer alır".
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-turkiye-avropa-enerji-dehlizinin-yaradilmasina-artiq-baslanib/