XƏBƏRLƏR

Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və ixracı üzrə təkliflər hazırlanıb

NOYABR 04, 2022

“Fortescue Future Industries” şirkəti Azərbaycanda “yaşıl hidrogen” istehsalı və ixracı üzrə təkliflər hazırlayıb, bu təkliflər Azərbaycan energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə bərpa olunan enerji mənbələri üzrə komissiyanın ikinci iclasında təqdim olunub.

P. Şahbazov çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi yüksək səviyyədədir və bu sayədə “yaşıl enerji” layihələri xarici sərmayələr hesabına reallaşdırılır. İclasın gündəliyində duran məsələlər haqqında danışan nazir ötən dövr ərzində Komissiya tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. Komissiyada təmsil olunan qurumların səlahiyyətli əməkdaşlarından ibarət İşçi Qrupunun fəaliyyəti, günəş, külək, o cümlədən dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulan sahələrin müəyyənləşdirilməsi, minatəmizləmə işləri, layihələrin şəbəkəyə inteqrasiyası prosesi, tikintiyə icazə sənədlərinin verilməsi prosedurları haqqında məlumat verilib.

Daha sonra “Masdar” şirkətinin nümayəndələrinin reallaşdırılmaqda olan “Qaradağ” GES və gələcəkdə icrası nəzərdə tutulan böyük həcmli layihələr, “ACWA Power” şirkətinin nümayəndələrinin “Xızı-Abşeron” KES, bp şirkətinin nümayəndələrinin isə “Şəfəq” GES layihəsinin icra vəziyyəti barədə təqdimatları dinlənilib.

Sonda iclasın yekunlarına dair qərar layihəsi müzakirə edilib, rəy və təkliflər nəzərə alınaraq imzalanıb.

https://report.az/energetika/azerbaycanda-yasil-hidrogen-in-istehsali-ve-ixraci-uzre-teklifler-hazirlanib/