BP şirkəti və onun "Azəri-Çıraq-Günəşli", "Bakı-Tbilisi-Ceyhan", "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki tərəfdaşlarının (SOCAR, TPAO, LUKOİL, NİCO, MOL, “Equinor”, SGC, İNPEX, “ExxonMobil”, ITOCHU, “TotalEnergies”, “Eni”, “ONGCVidesh”) 6 ildir ki, dəstəklədiyi “Gələcəyini Qur” layihəsinin daha 84 iştirakçısı tələbə adı qazanıb, bu barədə layihə ilə bağlı keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə həmçinin qeyd olunub ki, bu günə qədər Qaradağ (Bakı), Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən 500-ə yaxın aztəminatlı ailə bu layihədən faydalanıb. Layihənin 6 mərhələsində iştirak etmiş 482 nəfərdən 409-u tələbə ola bilib. Builki mərhələnin isə 93 iştirakçısından 84-ü uğurlu nəticə göstərib. Bunlardan 76-sı universitetə, 8-i isə kollecə qəbul olunub. Təxminən 11 nəfər iştirakçı qəbul imtahanlarında 500-dən yuxarı balı toplayıb.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu, yüzlərlə gənc və istedadlı insana öz inkişaf yolunu seçməyə və sevimli peşələrinə doğru ilk addımlarını atmağa kömək edən həqiqətən davamlı layihədir. Bu layihənin böyük uğur qazanması üçün əməliyyatlarımızın yaxınlığındakı onlarla icma ilə sıx əməkdaşlıq edirik. Builki nəticələrdə əldə olunan 90%-lik müvəffəqiyyət göstəricisi bizi bu təşəbbüsü gələn il də davam etdirməyə ruhlandırır. Həyata keçirdiyimiz 6ı uğurlu mərhələdən əldə etdiyimiz təcrübə sayəsində biz indi əminik ki, bu layihə bizim işlədiyimiz icmaların gələcəyinə əhəmiyyətli sərmayədir. Nə qədər çox yüksək təhsilli və yüksək ixtisaslı məzunlar öz icmalarına xidmət etsələr, onların gələcəyi bir o qədər parlaq və dayanıqlı olacaq".
Layihənin altı mərhələsinin ümumi dəyəri təxminən 1,7 milyon manat və yaxud 1 milyon ABŞ dollarıdır. Builki (6-cı) mərhələyə isə 375 min manat və yaxud 221 min dollar xərclənib. Layihəni “Build Your Future” MMC icra edir.
https://report.az/energetika/bp-ve-terefdaslarinin-desteklediyi-layihenin-daha-84-istirakcisi-telebe-adi-qazanib/