Azərbaycan Xankəndinin qazlaşdırılmasında və digər infrastrukturun yaxşılaşdırılmasında, inkişaf etdirilməsində maraqlıdır.
Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Ağdamdan Xankəndinə qaz çəkilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xankəndi bizim üçün Ağdam, Qubadlı, Zəngilan və digər işğaldan azad olunan ərazilər kimi eyni əhəmiyyətli ərazilərdir: “Xankəndi – Azərbaycanındır və bu müzakirə predmeti deyil. Bunun üçün də bu boru kəmərinin inşasını Azərbaycanın dövlət şirkətləri həyata keçirəcəklər. Bu layihələrin icrası üçün isə vəsaitlər Azərbaycanın dövlət büdcəsindən ayrılacaq”.
Ekspert bildirib ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bir çox istiqamətlər təsbit olunub: “Bu Dövlət Proqramında nə az, nə çox, düz 276 tədbir ehtiva olunur ki, bu da bu ərazidə iqtisadi reinteqrasiyanı, infrastrukturu, ərtaf mühiti və sosial inkişafı təmin etmək üçün bir tədbirlər planıdır. Bu proqram əsas 6 prioritet istiqamət üzrə formalaşıb. Məhz 4-cü prioritet istiqamətdə bu ərazilərdə infrastrukturun yaradılması ilə bağlı, o cümlədən də telekommunikasiya, poçt xidmətləri və magistral qaz xətlərinin çəkilməsi kimi məsələlər təsbit edilib. Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi də bu çərçivədədir”.
E.Əmirov hesab edir ki, Azərbaycan tərəfi təkcə bu qaz kəmərinin çəkilməsi ilə kifayətlənmir: “Burada Xankəndi ilə bağlı müxtəlif istiqamətli tədbirlər planı nəzərdə tutulub. Bir sözlə, Azərbaycan tərəfinin Xankəndi ilə bağlı tədbirləri plana salınması birmənalı olaraq Xankəndinin də tam olaraq Azərbaycan üçün digər inzibati rayonlarımız və respublika tabeli şəhərlərimizdən biri kimi qəbul etməsidir ki, orada da heç bir fərq qoymadan Azərbaycanın inzibati ərazi vahidi kimi yanaşması deməkdir. Təbii olaraq, bu da artıq Azərbaycanın belə bir rəsmi və vacib sənədində təsbit olunur”.
Ekspert xatırladıb ki, Qarabağın bərpasına büdcədən illik ortalama olaraq 2,2 milyard manat vəsait ayrılıb: “Qarabağın bərpasına dövlət büdcəsindən, Dövlət Neft Fondundan və digər mənbələrdən vəsaitin ayrılması planlaşdırılır. Təbii olaraq, bu işlərin icrasında yerli və xarici şirkətlər fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycanda məşğulluğun təmin olmasında rol oynayacaq. Xarici şirkətlərin Qarabağın inkişafında podratçı kimi çıxış etməsi müşahidə olunacaq”.
Xatırladaq ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə uzunluğu 33,9 km olan qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
https://report.az/energetika/ekspert-azerbaycan-xankendini-qazlasdiracaq-ve-inkisaf-etdirecek/