“Mərkəzi Asiyanın neft və təbii qaz ehtiyatlarının Qərbin yüksək likvidli bazarlarına yeni marşrutlarla tədarükünə ehtiyac var. Bu da Cənubi Qafqaz və Mərkəzi Asiyadakı ölkələr üçün faydalı olacaq”.
Bunu “Report”a açıqlamasında “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer enerji ixracına alternativ olaraq Mərkəzi Asiyadan Aİ-yə nəqliyyat marşrutlarının yaradılmasını şərh edərkən deyib.
“Rusiyanın neft-qaz kəmərlərinə alternativ kimi deyil, təchizat marşrutlarını şaxələndirmək yolu kimi yeni neft-qaz kəmərlərinin tikintisi haqqında düşünməliyik. Məsələn, Qazaxıstanda zəngin neft ehtiyatı var. Odur ki, gələn il bu ölkədən ixrac xeyli artacaq”, - o bildirib.
Onun sözlərinə görə, bu neftin ixracı zamanı həm Rusiyadan keçən mövcud neft kəmərlərindən, həm də digər istiqamətlərdən istifadə edilməlidir: “Beləliklə, bu, Rusiya vasitəsilə nəql edilən neftin əvəzinə deyil, əksinə buradan ixrac edilən enerji resursuna əlavədir”.
O, məhz bunun şaxələndirmə olduğunu əlavə edib.
B.Şaffer qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əlavə ötürmə qabiliyyəti var. “Bu, hətta Azərbaycanın enerji resursunu maksimum ixrac etdiyi dövrdə belə, artıq ötürmə qabiliyyətinə malik idi. Cənub Qaz Dəhlizi də eyni yanaşma ilə inşa edilib. Yəni, Cənub Qaz Dəhlizinin seqmentləri daha da genişləndirmək imkanları ilə layihələndirilib”.
Professor bunun Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı sayəsində mümkün olduğunu vurğulayıb: “Onlar Mərkəzi Asiyadan neft və təbii qaz axınlarının Cənubi Qafqaz vasitəsilə dünya bazarlarına çıxarılacağı günün gələcəyini bilirdilər. Bu, qaçılmaz idi, çünki bu regiondakı enerji resurslarının Qərbə tədarükü üçün alternativ marşruta ehtiyac var. Bir sözlə, hesab edirəm ki, Mərkəzi Asiyadan Qərbə enerji axınlarının şaxələndirilməsi davam edəcək və bu, həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya faydalı olacaq”.
https://report.az/energetika/brenda-saffer-merkezi-asiyanin-neft-ve-qaz-ehtiyatlarin-qerbe-tedaruku-ucun-alternativ-marsruta-ehtiyac-var/