Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) əməliyyat şirkəti olan ICGB Şaquli Qaz Dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunda iştirakını yeniləyib.
Məlumata görə, Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.
Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib.
Qonşu ölkələrin ötürücü sistemlərinin bağlılığının təkmilləşdirilməsi enerji sektorunda Avropanın birgə prioritetləri - regionda enerji təhlükəsizliyinin artırılması, təbii qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsi yolu ilə bazara inteqrasiya, eləcə də rəqabətin artırılması ilə uzlaşır.
Məlumatda deyilir ki, bu il oktyabrın 1-də kommersiya fəaliyyətinə başlayan İGB Şaquli Qaz Dəhlizi layihəsinin inkişafının əsas hissəsidir. Qaz kəməri Yunanıstan və Bolqarıstanın ötürücü şəbəkələrini birləşdirir, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birbaşa əlaqəni təmin edir və beləliklə, Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsinə çevirir. Oktyabrın əvvəlindən interkonnektor vasitəsilə nəql edilən təbii qazın miqdarı qış mövsümündə Bolqarıstanın daxili istehlakının təxminən 1/3 hissəsini təmin edir. Yeni infrastruktur təbii qazın regionun digər qonşu dövlətlərinə, eləcə də Moldova və Ukraynaya nəqli üçün imkanlar yaradır.
ICGB-nin Bolqarıstan və Yunanıstan tərəfindən icraçı direktorları Teodora Georgieva və Georgi Satlas enerji əlaqələrini yaxşılaşdırmaq və daha çox qaz təchizatı mənbələrini təmin etmək üçün region ölkələri arasında sıx əməkdaşlığın zəruriliyini vurğuladılar. Onların fikrincə, regionda dəyişmiş enerji və təhlükəsizlik mühiti şəraitində şaxələndirilmiş qaz mənbələrinə zəmanət vermək üçün yeni enerji layihələrinin inkişafı və tikintisi üzrə əməkdaşlıq əsas prioritet məsələyə çevrilir: “Biz milli və Avropa səviyyəsində görülən ciddi səyləri tanıyırıq, enerji əlaqələrinin təkmilləşdirilməsi və diversifikasiya yolu ilə enerji müstəqilliyinə nail olmaq baxımından yüksək qiymətləndiririk”.
Onların fikrincə, kəmərin ümumi gücü artdıqda İGB-nin bu aspektdə rolu daha da əhəmiyyətli olacaq: “"Hazırda interkonnektorun maksimum ümumi gücü illik 3 milyard kubmetrdir. DESFA ilə razılaşdırmaqla bu gücü ilik 5 milyard kubmetrə qədər artırmaq imkanı mövcuddur ki, bu da Yunanıstanın Aleksandrupolis şəhərində mayeləşdirilmiş təbii qaz (LNG) terminalının istismara verilməsi ilə eyni vaxtda baş verməlidir. Bu terminalın istifadəyə verilməsi isə 2024-cü ildə gözlənilir”.
Qeyd edək ki, bu Anlaşma Memorandumu 3 il müddətinə imzalanıb və gələcəkdə daha bir il müddətinə uzadılması mümkün olacaq.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.
https://report.az/energetika/icgb-saquli-qaz-dehlizinin-yaradilmasina-dair-anlasma-memorandum-imzalayib/