Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları müəyyənləşib. Qaydalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib.
Bu Qaydalar bazara yerləşdirilən enerji istehlakı üzrə məhsulların etiketlənməsi qaydalarını müəyyən edir. Bu Qaydalar şəxsi məqsədlər üçün istifadə edilən, sərnişin və yük daşımalarına xidmət edən nəqliyyat vasitələrinə, habelə bu Qaydalar qüvvəyə minənədək bazara yerləşdirilmiş və işlənilmiş məhsullara (idxal edilən məhsullar istisna olmaqla) şamil edilmir. Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçir.
Enerji etiketi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların enerji istehlakı həcminə dair sənəd, bazara yerləşdirilmə məhsulun ilk dəfə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılması. enerji istehlakı üzrə etiketlənən məhsul bazara yerləşdirilən, enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlıq, qurğu və cihazlardır.
Enerji etiketlənməsi ilə bağlı tələblər, təchizatçı və satıcının (icarəyə verənin) öhdəlikləri də müəyyənləşib. Enerji etiketlənməsi ilə bağlı tələblər bu Qaydalar və texniki reqlamentlərlə, habelə istinad standartları və istinad texniki şərtləri ilə müəyyən edilir. Təchizatçı bu Qaydalara və məhsul növü üzrə texniki reqlamentlərə uyğun olaraq bazara yerləşdirilən hər bir məhsulun ödənişsiz, kağız daşıyıcıda enerji etiketi və məlumat vərəqəsi ilə 4 müşayiət olunmasını təmin edir. Enerji etiketinin məhsulun və ya onun qablaşdırılması üzərində göstərilməsi tələbi texniki reqlamentlə nəzərdə tutulur. Təchizatçı satıcının (icarəyə verənin) və ya istehlakçının sorğusu əsasında enerji etiketlərini və məlumat vərəqələrini dərhal ödənişsiz təqdim edir. Təchizatçı enerji etiketlərində və məlumat vərəqələrində göstərilən məlumatların tamlığını və dəqiqliyini təmin edir və məhsula əlavə olunan texniki sənədləri təqdim edir. Təchizatçı və satıcı (icarəyə verən) məhsulun enerji etiketi, məlumat vərəqəsi və texniki sənədləri ilə bağlı verdiyi məlumatların tamlığına, dəqiqliyinə və müvafiq texniki reqlamentə, istinad edilmiş standartlara və istinad edilmiş texniki şərtlərə uyğunluğuna görə cavabdehlik daşıyırlar. İstismarda olan modelin texniki reqlamentlə müəyyən edilən enerji etiketindəki göstəricilərinə zərər vura biləcək dəyişikliklər (yenilənmələr) edilməsi təchizatçı tərəfindən nəzərdə tutulduğu hallarda təchizatçı dəyişikliklər (yenilənmələr) və onların məqsədi, modelin parametrlərinə, habelə enerji sinfinə təsiri barədə istehlakçını öncədən məlumatlandırır və onun yazılı razılığını alır. Məhsulun xidmət müddəti ərzində təchizatçı istehlakçıya məhsulun funksionallığının itirilməməsi şərtilə dəyişikliklərdən (yenilənmədən) imtina etmək imkanı verir. Təchizatçı texniki reqlamentdə və ya məhsulla birlikdə təqdim olunan istənilən sənəddə (texniki sənədlər və məlumat vərəqəsi, o cümlədən əlavə məlumat) qeyd olunan parametrlərin təkmilləşdirilməsi məqsədilə aparılan sınaqlar zamanı modelin xüsusiyyətlərinin avtomatik dəyişdirilməsi şəklində layihələndirilmiş məhsulları bazara yerləşdirə bilməz. Təchizatçı məhsula dair məlumatları (o cümlədən texniki sənədləri) müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlayır və həmin məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması zamanı dərhal təqdim edir. Satıcı (icarəyə verən) məhsulun enerji etiketini satış (o cümlədən məsafədən satışı və ya icarəsi) zamanı açıq şəkildə nümayiş etdirir və məlumat vərəqəsini təqdim edir. Enerji etiketi və məlumat vərəqəsi olmadığı halda satıcı (icarəyə verən) onları təchizatçıdan tələb edir. Məlumat vərəqəsi, həmçinin məhsulun enerji etiketində göstərilən məlumatlar satıcı 5 (icarəyə verən) tərəfindən əldə edilməklə, elektron və ya kağız daşıyıcıda istehlakçıya təqdim edilir. Təchizatçı və satıcı (icarəyə verən) texniki reqlamentə uyğun olaraq məhsulun enerji etiketində göstərilən enerji effektivliyi sinifləri və məhsulun bilavasitə aid olduğu enerji effektivliyi sinfi barədə audiovizual reklamda və ya çap məhsullarında məlumat verirlər. Təchizatçı və satıcı (icarəyə verən) bu Qaydaların və texniki reqlamentlərin tələblərinə riayət olunması, habelə Nazirlik pozuntu hallarının aradan qaldırılması barədə qərarı (göstərişi) əsasında pozuntu hallarının aradan qaldırılması üçün dərhal tədbirlər görürlər. Texniki reqlamentlərin əhatə dairəsinə düşməyən məhsullar üçün bu Qaydalar və texniki reqlamentlərdə nəzərdə tutulan enerji etiketləri ilə oxşar etiketlərin təmin və nümayiş etdirilməsi qadağandır.
Bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan, enerji etiketi ilə təmin edilməmiş və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla (tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları ilə) uyğunluğu qiymətləndirilməmiş məhsulları istehsal etmək, bazara yerləşdirmək, satmaq (icarəyə vermək), idxal etmək və ya istifadə etmək qadağandır. Nazirlik bazarda bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsullara nəzarət tədbirlərini həyata keçirir və istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə bu Qaydaların və texniki reqlamentlərin tələblərinə uyğun olmayan məhsulların dövriyyədən çıxarılmasını təmin edir.
https://nk.gov.az/az/article/2541/