Azərbaycan qazına çıxış Serbiya üçün prioritet məsələdir, bunu Serbiyanın energetika naziri Dubravka Jedoviç deyib.
"Qlobal enerji böhranı başlayanda bir çox Avropa ölkələri, o cümlədən, Serbiya kifayət qədər diversifikasiya olunmamış marşrutlar və təchizatçılar problemi ilə üzləşdi. Bu, böhran olmasa belə, əlverişsiz vəziyyət yaradırdı. Hazırkı şərtlərdə bu, Avropanın enerji təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu da öz növbəsində getdikcə daha çox milli təhlükəsizlik məsələsinə çevrilir. Digər qaz tədarükçülərinə, ilk növbədə, Azərbaycan qazına çıxış bizim üçün prioritetdir və biz artıq bunun üzərində fəal işləyirik”, - deyə o bildirib.
Jedoviç qeyd edib ki, Azərbaycandan təbii qazın Serbiyaya çatdırılması üçün zəruri şərt qaz infrastrukturunun tikintisidir.
Jedoviç əlavə edib ki, Bolqarıstanla qaz kəməri çəkildikdən sonra Serbiya təkcə qaz təchizatı marşrutlarını deyil, həm də təchizatçıları diversifikasiya edə biləcək.
Onun sözlərinə görə, bu qaz kəməri Serbiyanı Cənub Qaz Dəhlizinin boru kəmərləri ilə, eləcə də Aleksandropulisdəki mayeləşdirilmiş təbii qaz terminalı ilə birləşdirəcək: "Hazırda qaz Serbiyaya Bolqarıstandan "Balkan axını" qaz kəməri ilə verilir. Bu qaz kəmərinin tikintisi 2021-ci ilin əvvəlində başa çatdıqdan sonra Serbiya marşrutların diversifikasiyalaşdırılmasına nail olub. Çünki bundan əvvəl qaz yalnız Macarıstandan verilirdi”.
Jedoviç vurğulayıb ki, Serbiya-Bolqarıstan qaz kəmərinin ötürmə qabiliyyəti Bolqarıstandan Serbiyaya ildə 1,8 milyard kubmetr qaz təşkil edir.
"Yeni interkonnektor istismara verilən vaxta qədər Serbiyanın bu kəmər vasitəsilə alacağı qazın həcmi ilə bağlı müqavilə bağlanacaq", - deyə Jedoviç bildirib.
O qeyd edib ki, hər bir yeni interkonnektor qaz təchizatının əlavə təhlükəsizliyini nəzərdə tutur, ona görə də Serbiya hökuməti əlavə qaz kəmərləri çəkmək niyyətindədir. Lakin bu, həm də digər ölkələrin gördüyü tədbirlərdən asılı olacaq.
"Hazırda ən çox ehtimal olunan layihə Şimali Makedoniya ilə qaz interkonnektorunun tikintisi layihəsidir. Layihə Avropa İttifaqı tərəfindən də dəstəklənir. Bu layihə hazırda inkişafın ilkin mərhələsində, texniki-iqtisadi əsaslandırmanın başlanğıcındadır. O, həmçinin, Cənub Qaz Dəhlizinin qaz kəmərləri sisteminə qoşulmanı təmin etməlidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Serbiya Cənub Qaz Dəhlizinə qoşularaq təkcə əlavə tədarük marşrutu təmin etməklə öz enerji təhlükəsizliyini artırmayacaq, həm də qazın regionda və Avropada digər ölkələrə nəql ediləcəyi tranzit ölkə olmaq imkanı əldə edəcək.
"Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinin əhəmiyyəti, şübhəsiz ki, qarşıdakı illərdə artacaq. Bunu Aİ-nin Azərbaycandan qaz idxalını artırmaqda maraqlı olması sübut edir. Azərbaycan qazı, şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verəcək və bu, xüsusilə, hələ təchizat mənbələrini diversifikasiya etməli olan regionumuz üçün aktualdır”, - deyə nazir əlavə edib.
https://az.trend.az/business/energy/3680773.html