XƏBƏRLƏR

Serbiya və Azərbaycan qazla işləyən elektrik stansiyası layihəsini müzakirə edir

DEKABR 26, 2022

Serbiya və Azərbaycan qazla işləyən yeni elektrik stansiyası layihəsini müzakirə edir.

Trend -in məlumatına görə, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali dekabrın 21-də Bakıya səfəri zamanı “Tanjug” agentliyinə deyib.

O qeyd edib ki, enerji sektoruna investisiyalar Serbiya üçün mütləq prioritetdir və Azərbaycan potensial tərəfdaşdır.

“Hər iki enerji növünə gəldikdə, Azərbaycan Serbiya üçün potensial tərəfdaşdır”, - deyən S.Mali Azərbaycana səfərin çox vacib olduğunu, ölkənin iqtisadiyyat və energetika nazirləri ilə görüşlərinin səmərəli keçdiyini qeyd edib.

“Biz Serbiyanın Cənub Qaz Dəhlizinə qoşulmasını müzakirə etdik. Bu da ölkəmizə qaz nəqli marşrutlarının diversifikasiyalaşdırılması baxımından bizim üçün çox vacibdir. Enerji sistemimizin gücünün artırılması proqramı çərçivəsində Serbiyada yeni qazla işləyən elektrik stansiyasının tikintisini müzakirə etdik. Bu, qarşıdakı həftələrdə müzakirə mövzusu olacaq”, - deyə S.Mali bildirib. O, daha sonra dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli sazişin imzalanmasına toxunaraq, Azərbaycandan elektrik enerjisini tədarük edəcək sualtı kabelin mühüm layihə olduğunu bildirib.

Nazirin sözlərinə görə, Serbiyada bir çox investorlar bərpa olunan mənbələrdən əldə edilən enerjidən istifadə etmək istəyirlər və bu səbəbdən bu məsələ Azərbaycan tərəfi ilə də müzakirə olunub.

https://az.trend.az/business/energy/3685902.html