“Azərbaycan qazının nəql olunacağı növbəti Avropa İttifaqı (Aİ) ölkəsi Rumıniya olacaq, beləliklə, Azərbaycandan “mavi yanacaq" alan Aİ ölkələrinin sayı 4-ə çatacaq”, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu daha da artıb: "Belə ki, iyulun 18-də Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da yaxın 5 ildə Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmağa, həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyə imkan verəcək. Oktyabr ayında Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəməri istifadəyə verilib. Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycan gələn il yanvarın 1-dən etibarən Rumıniyaya qaz tədarük etməyə başlayacaq. Bununla da Azərbaycan qaz nəql etdiyi Aİ ölkələrinin sayı 4-ə çatacaq”.
https://report.az/energetika/xarici-isler-naziri-azerbaycan-qazinin-neql-olunacagi-novbeti-olkeler-ruminiya-ve-bolqaristan-olacaq/