Qlobal enerji böhranı və “yaşıl enerji”yə keçid
Post-pandemiya dövründə dünya iqtisadiyyatının bərpası ilə əlaqədar olaraq enerji daşıyıcılarına tələbatın kəskin artması onun dəfələrlə bahalaşmasına gətirib çıxardı. Ötən ilin əvvəlində isə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə dünyada enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasını daha da dərinləşdirdi. Belə ki, müharibə səbəbindən Rusiyaya qarşı sanksiyalar çərçivəsində əksər idxalçılar bu ölkədən kömür, neft, neft məhsulları, həmçinin təbii qaz alışını dayandırdı. Yaranmış boşluğu tək ənənəvi enerji mənbələri hesabına aradan qaldırmaq mümkün olmadığından, Avropa İttifaqı (Aİ) üçün yeni “yaşıl enerji” doktrinası heç zaman olmadığı qədər böyük aktuallıq qazandı.
Nəticədə, 2022-ci ilin mart ayından sonra Aİ-də bərpa olunan enerji mənbələrinin istehsalı rekord həddə çatıb. Belə ki, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 2022-ci ildə Avropada külək və günəşdən alınan enerjinin həcmi 21 % artdı.
Belə ki, Azərbaycan Rumıniyada “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalayıb. İmzalanma mərasimində Prezident İlham Əliyev Azərbaycanın Avropaya digər enerji körpüsünü salmağa başladığını bildirib. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır.
Qeyd edək ki, hazırda Azərbaycanın bərpaolunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Prezident qeyd edib ki, ölkənin strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 %-i ixrac olunacaq: “Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.
Şuşada gələcəyə saçacaq “Şəfəq”in ilk parıltısı
“Yaşıl enerji”dən söz açılmışkən xatırladaq ki, 2022-ci ildə Azərbaycan “yaşıl enerji” sahəsində böyük işlər görüb. Belə ki, il başlar-başlamaz, Azərbaycanda yeni 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu külək elektrik stansiyası Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyacaq və illik təxminən 1 milyard kVt/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.
Bu layihənin icrası ilə bağlı Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, yenə də Şuşada Energetika Nazirliyi və BP arasında işğaldan azad edilmiş Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu sənəd "Şəfəq" adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
Yeni müqavilələr və ümidlər
Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrin neft-qaz şirkətləri ilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində də əməkdaşlığı genişləndirir. Belə ki, SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırmağa başlayıb.
SOCAR ilə Qazaxıstanın "QazaqGaz" şirkəti arasında isə Anlaşma Memorandumu imzalanıb. Sənəd Qazaxıstanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənməsini, qaz-kimya sahəsinin inkişafını, qazın nəqlinin modernləşdirilməsini, bu sektorda innovativ texnologiyaların tətbiqini və digər önəmli istiqamətlər üzrə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
2022-ci ilin əvvəlində Rusiyanın “Lukoil” neft-qaz şirkəti artıq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində 25 % iştirak payının sahibi oldu. Bu payı Rusiya şirkəti BP-dən alıb, Britaniya şirkəti özündə 25 %-lik pay saxlayıb. Hazırda AYDH sazişində ən çox pay - 50 % SOCAR-a məxsusdur.
İlin sonunda “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq blokunun Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə sahəsindəki daimi yerinə yola salınıb.
Azərbaycan və OPEC əməkdaşlığı
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları (“OPEC+”) neft istehsalı sazişi üzrə əməkdaşlığı 2022-ci ildə də davam etdirib. Ötən ilin əvvəlində Azərbaycan üçün müəyyən edilmiş gündəlik neft hasilatı kvotası 661 min barel idisə, il ərzində keçirilən 9 iclasdan sonra ölkəmiz üçün bu rəqəm gündəlik olaraq 684 min barel təşkil edib. Bununla da il ərzində “OPEC+” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 23 min barel və ya 3,5 % artıb.
Qazımız daha bir neçə Avropa ölkəsinə göndərildi
Ölkədə “Yaşıl enerji” sektorunun inkişaf etdirilməsinə baxmayaraq, Azərbaycan üçün əsas prioritet sahə ənənəvi enerji mənbələri olaraq qalır. Azərbaycan bu gün nəinki qonşu ölkələrdə, hətta artıq Avropa və dünyada neft və qaz ixracatçısı kimi tanınır.
Təbii qazdan söz düşmüşkən, ilin mühüm hadisələrindən biri Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu imzalanması olub. Belə ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq Xəzər təbii qazının Avropa İttifaqına və Qərbi Balkan ölkələrinə tədarükünü diversifikasiyanı artırmasını nəzərdə tutur. Sənədə əsasən, 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına təbii qaz ixracı hər il ən azı 20 milyard kubmetrə çatdırılacaq.
Bu arada, Azərbaycandan İtaliyaya təbii qaz nəql edən TAP kəməri Əlcəzairdən sonra ölkənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilib. İtaliyaya ilin sonuna kimi 9 milyard kubmetrdən çox təbii qaz nəqli planlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 2,5 milyard kubmetr çoxdur.
Azərbaycandan qaz alıcılarının sayı artır
Azərbaycan qazının alıcıları günü-güdən çoxalmaqda davam edir. Artıq ötən il Serbiya Azərbaycandan qaz almaq üçün Bolqarıstandan yeni boru kəmərinin inşasına başladı, interkonnektorun tikintisini 2023-cü ilin dördüncü rübündə başa çatdırmaq planlaşdırılır. Bu səbəbdən də Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Serbiya boru kəməri inşa etdiyi bir dövrdə Moldova onları qabaqladı. Moldova artıq İGB kəməri ilə illik 300 milyon kubmetr Azərbaycan qazı almağa başladı.
İlin son ayında isə SOCAR və Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında qaz tədarükünə dair müqavilə imzalanıb. Müqaviləyə əsasən 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın İGB vasitəsilə nəqlinə başlanılıb. Bu il aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetrə qədər Azərbaycan qazı tədarük ediləcək.
Ötən ilin ortalarında SOCAR ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların Norveçin “Carbon Limits” şirkəti vasitəsilə sertifikatlaşdırılmasını həyata keçirib.
Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14 500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib.
SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir.
https://report.az/energetika/2022-ci-ilin-azerbaycanin-energetika-sektoruna-verdiyi-tohfe/