XƏBƏRLƏR

Azərbaycanda enerji menecmenti sistemi üzrə dövlət standartı qəbul edilib

YANVAR 09, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartını qəbul edib.

Standartın qəbulu ölkədə enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək.

Onuda qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə “Enerji menecment sisteminə dair Tələblər”  təsdiq edilmişdir. 

Bu Tələblər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektlərinə könüllülük prinsipi əsasında enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sistemini yaratmaq hüququ verir.

Enerji menecment sisteminin yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanılması və daim təkmilləşdirilməsi İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının əsasında qəbul edilmiş dövlət standartına uyğun həyata keçirilir.

https://report.az/energetika/enerji-menecmenti-sistemleri-uzre-dovlet-standarti-qebul-edilib/