XƏBƏRLƏR

Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17 %-i bərpa olunan enerjinin payına düşür

YANVAR 11, 2023

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri (BOEM) üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 %-ni təşkil edir. Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi deyib və hesab edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

“Bu gün ölkəmiz ilə Avropa arasında növbəti enerji körpüsü qurulur. Aparılmış araşdırmalara əsasən ölkəmizin bərpa olunan enerji potensialı ümumilikdə 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük bir hissəsi külək və günəş enerjisinin payına düşür. Mövcud potensialdan səmərəli istifadə məqsədilə artıq ölkəmizdə çoxsaylı bərpa olunan enerji layihələri həyata keçirilib, yeni BOEM layihələrinin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır.

Onun sözlərinə görə, eyni zamanda, ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir: "Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir. Göründüyü kimi, ölkəmizin yüksək bərpa olunan enerji potensialı xarici investorların bu sahə üzrə Azərbaycanla əməkdaşlıq imkanlanlarını genişləndirir”.

https://report.az/energetika/azerbaycanda-istehsal-edilen-elektrik-enerjisinin-17-i-alternativ-enerjinin-payina-dusur/