XƏBƏRLƏR

Yunanıstan-Bolqarıstan İnterkonnektorun gücü 94 %-dən çox rezervasiya dərəcəsinə çatıb

YANVAR 11, 2023

2022-ci il oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) ilə nəql edilən "mavi yanacağ"ın ümumi həcmi elektrik enerjisi ekvivalentində 4 milyard 875 milyon mVt/saat təşkil edib. Bu barədə İGB-nin layihə operatoru olan İCGB şirkətinə istinadən məlumat verib.

Məlumata görə, dekabr ayında boru kəməri kommersiya istismarına başladıqdan bir neçə ay sonra, IGB-nin gücü 94 %-dən çox rezervasiya dərəcəsinə çatıb.

Bildirilib ki, 2022-ci ilin sonuna qədər interkonnektorun 11 qeydiyyatdan keçmiş istifadəçisi var.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

https://report.az/energetika/operator-igb-nin-gucu-94-den-cox-rezervasiya-derecesine/