Azərbaycan rəsmiləri beynəlxalq investorların "Yaşıl hidrogen"lə bağlı təkliflərini və dənizdə külək enerjisindən istifadə üzrə təhlillərin gedişini müzakirə edib.
Müzakirələr “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın yenilənmiş tərkibdə 3-cü iclasında aparılıb.
İclası açılış nitqi ilə çıxış edən komissiyanın sədri, nazir Pərviz Şahbazov Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin icrası məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb, dekabr ayında imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in ölkəmizin zəngin bərpa olunan enerji potensialının reallaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Komissiyanın 2-ci iclasından ötən dövr ərzində görülmüş işlər və əldə edilmiş nəticələr barədə təqdimatla çıxış edib. Bərpa olunan enerji mənbələri ərazilərinin, o cümlədən Xəzər dənizində su sahələrinin müəyyənləşdirilməsi, elektrik şəbəkəsinə qoşulma məqsədilə həyata keçirilən araşdırmaların gedişatı və digər prosedurlar haqqında məlumat verilib.
Daha sonra bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinin hüquqi tənzimlənməsi barədə təqdimat dinlənilib, həmçinin komissiyanın fəaliyyətindən irəli gələn bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Mərkəzi Bankı, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.
https://report.az/energetika/beynelxalq-investorlar-yasil-hidrogen-le-bagli-azerbaycana-teklifler-verib/