Energetika nazirinin müavini Kamal Abbasov Hindistanın “Böyük İyirmilik” (G20) qrupuna sədrliyi çərçivəsində təşkil olunmuş “Cənubun Səsi Sammiti 2023” adlı tədbirdə onlayn formatda iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Enerji təhlükəsizliyi və inkişaf: Rifahın yol xəritəsi” adlı sessiyadakı çıxışında tarixin ən mürəkkəb enerji böhranının yaşandığı, enerji təhlükəsizliyi təminatının qlobal gündəliyin əsas məsələsinə çevrildiyi, enerji ixracı və idxalı ilə bağlı ölkələrarası münasibətlərin yeniləndiyi bu dövrdə Azərbaycanın nəinki sabit enerji təchizatçısı, eyni zamanda, qlobal enerji təhlükəsizliyinə töhfələrini artıran etibarlı tərəfdaş olduğunu deyib: “Bu gün Azərbaycan öz enerji müstəqilliyini möhkəmləndirməklə bərabər tərəfdaşlarının enerji balansını neft, təbii qaz və elektrik enerjisindən əlavə yaşıl mənbələrlə də şaxələndirəcək strateji addımlar atır. Ölkəmiz təsdiqlənmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı ilə Cənub Qaz Dəhlizinin, quruda 27 qiqavat, dənizdə 157 qiqavat bərpaolunan enerji resursları sayəsində “Yaşıl enerji” dəhlizinin mənbəyi olmaqla yanaşı, enerji sahəsində qlobal əməkdaşlıq formatlarının təşəbbüskarıdır”.
Çıxışda, həmçinin Azərbaycanın beynəlxalq arenada oynadığı rolun əsasında məhz rasional enerji təhlükəsizliyi siyasətinin dayandığı bildirilib. Bu gün Azərbaycanın hər hansı bir ölkə və ya enerji resursundan asılılığının olmadığı, regional və Avropa bazarlarına çıxışının olduğu vurğulanıb.
Nazir müavini onu da qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir.
Qeyd edək ki, açılışında Hindistanın Baş naziri Narendra Modinin çıxış etdiyi sammit 2 gün ərzində ümumilikdə 10 sessiyadan ibarət olub və dünyanın 120-yə yaxın ölkəsindən nümayəndələri bir araya toplayıb.
https://azertag.az/xeber/Azerbaycanda_2030_cu_iledek_elektrik_istehsalinda_berpaolunan_enerjinin_payi_30_faize_chatdirilacaq-2444456