XƏBƏRLƏR

Azərbaycan və BƏƏ “yaşıl enerji” layihələrinin icrasını sürətləndirmək istəyir

YANVAR 18, 2023

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4 QVt-lıq “yaşıl enerji” layihələrinin icrasını sürətləndirmək istəyir, bu məsələ "Yaşıl Hidrogen Sammiti" çərçivəsində nazir Pərviz Şahbazovun “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşündə müzakirə edilib.

Görüşdən öncə azərbaycanlı nazir şirkətin stendi ilə tanış olub. Görüşdə “Masdar” şirkəti ilə 230 MVt gücündə Günəş Elektrik Stansiyası üzrə əməkdaşlığın 10 QVt-lıq külək, günəş və “yaşıl hidrogen” layihələri ilə genişləndirilməsindən məmnunluq ifadə edilib. Hazırda 4 QVt gücündə “yaşıl enerji” layihələrinin həyata keçirilməsi istiqamətində proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

P.Şahbazov qeyd edib ki, Avropa ölkələri 2030-cu ilə qədər 20 milyon ton hidrogen əldə etməyi planlaşdırır: "Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı çərçivəsində Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal ediləcək elektrik enerjisinin, hidrogenin ixracına maraq var. Bu aspektdə, “Masdar” şirkəti ilə layihələrin vaxtında reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.

M.J.Al Ramahi isə Azərbaycanla əməkdaşlığın prioritet olduğunu bildirib və bu meqa layihələrə şirkətin dəstəyini ifadə edib.

Görüşdə müxtəlif istiqamətlərdə planlaşdırılan ixrac marşrutları, həmçinin istehsal güclərinin yaradılmasından irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, növbəti addımlar nəzərdən keçirilib.

https://report.az/energetika/azerbaycan-ve-bee-yasil-enerji-layihelerinin-icrasini-suretlendirmek-isteyir/